Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3759/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə SPY000026 saylı, 29 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 290 manat əsas borcun, 43,50 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış SPY000026 saylı, 29 sentyabr 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 350 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 350 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımi qayda icra etməmişdir. Cavabdehin bugünə 290 manat əsas borcu və 43,50 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 09 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 14 iyun 2022-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Satıcı” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “alıcı” - Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, SPY000026 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, sonuncuya ümumilikdə alqı-satqı qiyməti 350 manat olan 1 ədəd uşaq arabası ilkin ödəniş olmadan və aylıq 59 manat ödəmək şərti ilə 06 ay müddətinə nisyə satılmışdır. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, tərəflər müqavilə ilə bağlı meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edilə bilmədikdə, qanunvericiliyə əsasən məhkəmələrdə həll edilir. 29 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 350 manat dəyərində olan 1 ədəd uşaq arabasını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanan 31 avqust 2021-ci il tarixli, R-937/21 saylı faktorinq müqaviləsindən (tələbin güzəşti barədə), həmin müqaviləyə əlavə olunan 13 oktyabr 2021-ci il tarixli, R-9xx/xx- 0004 saylı sazişdən və bildirişdən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 350 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. 01 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. 31 may 2022-ci il tarixli maliyyə arayışından və 31 may 2022-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh 29 sentyabr 2021-ci il tarixli, SPY000026 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 31 may 2022-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 290 manat əsas borcu və 43,50 manat cərimə borcu olmaqla, cəmi 333,50 manat borcu vardır. 08 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları ilə müəyyən edilir ki, 29 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdeh alqı-satqı qiyməti manat olan 1 ədəd uşaq arabası ilkin ödəniş olmadan və aylıq 59 manat ödəmək şərti ilə 06 ay müddətinə nisyə satılmış olsa da, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və buna görə də, sonuncunun 290 manat məbləğində əsas borcu və 43,50 manat məbləğində cərimə borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı MMC arasında imzalanan 31 avqust 2021-ci il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan 13 oktyabr 2021-ci il tarixli sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 21,75 manat məbləğinədək azaldılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 29 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı olan 350 manat məbləğindəki tələb hüququ iddiaçıya keçdiyindən, cavabdehdən 290 manat əsas borc, 21,75 manat cərimə borcu olmaqla, cəmi 311,75 manat borc alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 290 (iki yüz doxsan) manat əsas borc, 21,75 (iyirmi bir manat, yetmiş beş qəpik) manat cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 342,15 (üç yüz qırx iki manat, on beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-3759/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3759/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver