Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3853/2025 14.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 980 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3853/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, cavabdeh tərəfindən idarə edilən “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Koroğlu küçəsi ərazisində **-XA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL450” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 332.1-ci və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Yolnəqliyyat hadisəsində zərərçəkən X2 idarə etdiyi Mercedes Benz GL450 (10XA016) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC sığortaçı tərəfindən 980 manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan "xxxx" ASC arasında “qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar” əsasında 980 manat mübahisəsiz tutulmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin nümayəndəsi xx.xx.2025ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, PAZ********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus olan “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə sığorta haqqı 85.5 manat olmaqla "xxxx" ASC-də əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat dəyərində sığortalanmışdır. -xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 40 manat məbləğində cərimə olunmuşdur. -xx.xx.2023-cü il tarixli, 1133 saylı qiymətləndirilmə aktından görünür ki, “Mercedes GL450” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 980 manat həcmində olması müəyyən edilmişdir. -Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT133925/23 saylı ödəniş aktından görünür ki, “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində "xxxx" ASC-də sığorta olunan X3 məxsus “Mercedes Benz GL450” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 980 manat məbləğində dəymiş zərər "xxxx" ASC tərəfindən X1 yolu ilə ödənilmişdir. -Nəqliyyat vasitəsinin mülkiyyətdə olmasını təsdiq edən çıxarışdan görünür ki, “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəsinə əsasən, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 899.1.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1.3-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Koroğlu küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Khazar SD minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz GL450” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və buna görə də barəsində nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə "xxxx" ASC tərəfindən ümumilikdə 980 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pulu subroqasiya qaydasında tələb edir. “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3) Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin, yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə istinad edilərək, hadisə zamanı sürücünün hadisə yerindən yayınması ilə əlaqədar sığorta şirkətinin ödənilmiş pul vəsaitini mübahisəsiz geri tələb etmə hüququnun yarandığını qeyd etməsinə baxmayaraq, öz iddiasını həmin hissədə təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından, bununla da iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək məhkəmə belə qərara gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Mirnəsir Mirhəsənli