Məhkəmə qərarları › İş №e-2(012)-387/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-387/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-387/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və avtomobilin təmirbərpa xərclərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və avtomobilin təmirbərpa xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5632 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 276,94 manat gecikdirilmiş əsas, 136,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 326,65 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, 99-PZ258 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 418,90 manat, ümumilikdə 1159,29 manat borc və ödənilmiş 31,60 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5632 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17,5 % mükafat məbləği hesablanmaqla 43 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 415,38 manat, ümumilikdə isə 20061 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20061 manatın 15400 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PZ-***dövlət qeydiyyat nişanlı avtomobil 08 may 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 418,90 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5632saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə ümumilikdə 740,39 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesanlanmaqla cərimə ödəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı «Khazar LD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. -Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5632 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 15400 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 2200 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 2200 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 17,5 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə, lizinq verən lizinq alanı lizinq obyektinin bu müqavilə ilə şərtləşdirilmiş müddətlərdə gətirilməsinin mümkün olmadığını bildirdikdə digər uzadılmış müddət isə lizinq alanı qane etmədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, həmçinin, lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu, onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektini dəyəri 15400 manat olan «Khazar LD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 415,38 manat, sonuncu ay isə 415,40 manat ödəməyi öhdəsinə götürmüşdür. -Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC-nin mülkiyyətində olan «Khazar LD» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. -İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, 1305 saylı xəbərdarlıqdan görünür ki, MMC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5632 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 276,94 manat gecikdirilmiş əsas, 136,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 326,55 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 740,39 manat borcu yaranmışdır. -Azərbaycan Respublikası «X1»nin xx.xx.2025-ci il tarixli 108 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, xx.xx.2024-cü il tarixində “X3” MMC tərəfindən verilmiş qüsur aktına əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə-327,84 manat olaraq müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, MAS-5632 saylı daxili lizinq müqaviləsinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq «Khazar LD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 326,55 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsi”nə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 276,94 manat əsas borc üzrə hesablanmış 326,55 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia ərizəsində lizinq obyektinin təmir-bərpa xərclərinin qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, lizinq obyektinin təmir olunması cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin: 748-1.5. maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.7. maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Beləliklə, iddia tələbindən göründüyü kimi, cavabdehin, yəni lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PZ-***dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması, lizinq verənin lizinq obyektinin təmir-bərpa xərclərini tələb etmək hüququnu yaratmışdır. Məhkəmə müqavilə şərtlərinə və qanunun tələblərinə əsasən hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır və təmin edilməlidir. Mülki iş üzrə avtomobilin təmit-bərpa xərclərinin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası «X1»nin xx.xx.2025-ci il tarixli, 108 saylı rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində “X3” MMC tərəfindən verilmiş qüsur aktına əsasən, İddiaçı MMCnin mülkiyyətində olan “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə-327,84 manat olaraq müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi sübut növü kimi əsas götürərək, iddiaçının avtomobilin təmir-bərpa xərcinin 327,84 manat müəyyən edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5632 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 276,94 manat gecikdirilmiş əsas, 136,80 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, 99-PZ258 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 327,84 manat olmaqla, ümumilikdə 751,58 manat borc və ödənilmiş 20,50 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31,60 manat dövlət rüsumunun 20,50 manat məbləği cavabdehdən iddiaçının xeyrinə, aparılmış ekspertiza tədqiqatına görə 194,50 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası “X2” nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5632 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 276,94 (iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat gecikdirilmiş əsas, 136,80 (yüz otuz altı manat səksən qəpik) manat gecikdirilmiş mükafat və 10 (on) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, 99-PZ258 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 327,84 (üç yüz iyirmi yeddi manat səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 751,58 (yeddi yüz əlli bir manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş 20,50 (iyirmi manat əlli qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 194,50 (yüz doxsan dörd manat əlli qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası “X2” nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar