Məhkəmə qərarları › İş №e-2(012)-3882/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3882/2024

18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3882/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X6 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Şahbazov Əlislam (Əliislam) Hacağa oğlundan miras qalmış Abşeron rayonu Görədil kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair miras əmlakı kimi tərəfindən qəbulu müddətinin, gecikdirmənin səbəbləri üzrlü hesab edilməklə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Görədil kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onların ata-baba mülküdür. Mərhum valideynləri X16 və Şahbazova (Məlikova) Məhbuba Ağababa (Ağaboba) qızı xx.xx.1960-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahları ilə bağlı Abşeron rayonu, Fatmayı kənd icra nümayəndəliyi tərəfindən 06 №-li akt qeydi tərtib olunmuşdur. Nikahlarından xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1963-ci il təvəllüdlü mərhum qardaşı X34 və xx.xx.1968-ci il təvəllüdlü əkiz bacıları Quliyeva (Şahbazova) Mahuzər Əliislam qızı və Məmmədova (Şahbazova) Laləzar Əliislam qızı dünyaya gəlmişdir. Onlar mərhum valideynləri ilə birlikdə qeyd edilən fərdi yaşayış evində yaşayıbböyümüşlər. O, xx.xx.1986-cı il tarixdə Şahbazova (Məmmədova) Mehriban Tahir qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah Abşeron rayon Vətəndaşlıq vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 1988-ci il təvəllüdlü X35, 1990-cı il təvəllüdlü X25, 1991-ci il təvəllüdlü X36 və 1999-cu il təvəllüdlü X37 dünyaya gəlmişdir. Şahbazova (Məmmədova) Mehriban Tahir qızı ilə ailə qurduqdan sonra 1990-cı ilə qədər həyat yoldaşı və övladları ilə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində (evin bir hissəsində) valideynlərinin yanında yaşamışdır. 1990-cı ildə ailəsilə birlikdə Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 saylı evin 19 saylı mənzilinə köçmüş və bu səbəbdəndə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 saylı evin 19 saylı mənzilinə qeydiyyata düşmüşdür. 1995-ci ilin may ayında valideynlərinin razılığı ilə həmin mənzil satılmış və o ailəsilə birlikdə yenidən Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşamağa başlamışdır. 2003-cü ildə həbs olunmuş və xx.xx.2015-ci ilə kimi AR ƏN Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamışdır. Həyat yoldaşı Şahbazova (Məmmədova) Mehriban Tahir qızı və birgə nikahdan dünyaya gəlmiş övladları valideynləri ilə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. X3 xx.xx.2003-cü il tarixdə, anası Şahbazova (Məlikova) Məhbuba Ağababa (Ağaboba) qızı isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Şahbazova (Məmmədova) Mehriban Tahir qızı və rəsmi nikahdan dünyaya gəlmiş övladları - 1988-ci il təvəllüdlü X35, 1990-cı il təvəllüdlü X4, 1991-ci il təvəllüdlü X36 və 1999-cu il təvəllüdlü X37 X3nun və anası Şahbazova (Məlikova) Məhbuba Ağababa (Ağaboba) qızının vəfatından sonra da, hazırkı günə qədər mərhum atasından miras qalmış Abşeron rayonu Görədil kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bir hissəsində yaşamağa davam edirlər. O, xx.xx.2015-ci il tarixdə həbsdən azad olduqdan sonra yenidən ailə üzvləri ilə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evinin bir hissəsində (1 otağında) hazırkı günə kimi qeydiyyatsız yaşamaqda davam edir. Həyat yoldaşı və övladları Abşeron rayonu Görədil kəndində yaşadığı fərdi yaşayış evinə qeydiyyatdadırlar. Lakin o isə faktiki yaşamağına baxmayaraq, fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün qeydiyyata düşə bilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 22.2-ci maddəsinə əsasən mərhum atası X1 rayonu Görədil kəndində 0.08 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almadan və buna dair çıxarış almadan vəfat etdiyindən, həmin hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın yalnız qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilməsi qanunla nəzərdə tutulduğundan mərhum atasından miras qalmış qalmış Abşeron rayonu Görədil kəndində 0.8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə verilməsi üçün tərəfindən Abşeron rayonu 1 saylı notariat ofisinə müraciət olunmuş, lakin adı çəkilən notariat ofisi tərəfindən qəbul edilmiş 1796 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla ərizənin qanunda nəzərdə tutulduğu müddət ərzində verilmədiyi və ya əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim edilmədiyi əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərar qəbul edilmişdir. O, rəsmi nikahda olduğu həyat yoldaşı və 3 (üç) övladı ilə birlikdə mərhum atası Şahbazov Əlislam (Əliislam) Hacağa oğlundan miras qalmış Abşeron rayonu Görədil kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bir hissəsində həyat yoldaşı və rəsmi nikahdan dünyaya gələn övladları ilə birlikdə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətimi ifadə etmişdir. Həmçinin miras qoyan şəxs, yəni mərhum atası vəfat etməmişdən uzun müddət həyat yoldaşı və övladları fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. Bununla da, mərhum atası vəfat etdikdən sonra onun vərəsəsi olaraq mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 1796 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla qanunvericilyin tələblərini pozmuş və onun Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun kobud şəkildə pozulması, onun mülkiyyət hüququndan məhrum edilməyi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 bildirdi ki, ölən günə kimi mərhum anasına bacısı Mahuzər baxıb. Anası da əmlakı bacısına verib. O müddətin uzadılmasına etiraz etmədi, vərəsəlik işinin açılması üçün müddətin uzadılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 bildirdi ki, müddətin uzadılmasına etiraz etmir. Lakin miras bölünən zaman rəhmətə gedən qardaşının oğluna da pay verilməsini istəyir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublarla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla iştirakları olmadan mülki işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdehnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 108558 saylı Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixdə Abşeron rayonu, Görədil kəndində ölmüşdür. Bu haqda ölüm haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılmışdır. - AZ-İ 410897 saylı Abşeron rayon Abşeron Rayonu icra Hakimiyyəti Başçısının Görədil kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Görədil kəndində ölmüşdür. Bu haqda ölüm haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd aparılmışdır. - V-ЖГ 471036 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə X26 ilə X27 arasında nikah qeyd edilmiş, bu barədə nikahın qeyd edilməsi haqqında akt qeydləri kitabında 233 saylı qeyd aparılmışdır. Nikahdan sonra arvada Şahbazova soyadı verilmişdir. - 05|Q-615|69 saylı xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X2 Məhbuba Ağaboba qızının nikahı haqqında Abşeron rayon Fatmayı kənd icra nümayəndəliyində 10 iyun 1960-cı il tarixdə 06 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şahbazova soyadı verilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, DA-00741-2022 saylı arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929- 1935-ci illərə dair Bakı şəhəri Fatmayı (Goradil) kəndi rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 15 (sənəddə olduğu kimi) oktyabr (sənəddə olduğu kimi) 1932-ci ildə doğulan Məlikova Məhbub (sənəddə olduğu kimi) Ağababa qızının təvvəllüdü qeyd olunur. Atası: X9, Anası: Məlikova Tutxanım (sənəddə olduğu kimi) Hacıəli qızı - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, DA-00740-2022 saylı arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929- 1935-ci illərə dair Bakı şəhəri Fatmayı (Goradil) kəndi rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 01 (sənəddə olduğu kimi) mart (sənəddə olduğu kimi) 1932-ci ildə doğulan Şabaz (sənəddə olduğu kimi) Əliislam Hacıağa oğlunun təvəllüdü qeyd olunur. Atası: X66 (sənəddə olduğu kimi) oğlu, Anası: Baxiş Durnisa (sənəddə olduğu kimi) Baxiş (sənəddə olduğu kimi) qızı - Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Arxiv Arayışından görünür ki, Fatmayı kənd inzibati ərazi vahidi 6 №-li Təsərrüfatbaşına kitabının 13-cü vərəqəsində X13 adına 290 №li şəxsi hesab açılmışdır. Həmin şəxsi hesab kitabında 1969-1971-cı illərin məlumatına görə, 1 . X38- ailə başçısı (1932-ci ildə anadan olması, Azərbaycanlı, az savadlı, Abşeron MSİ-si fəhlə işləməsi); 2 .X19 -arvadı (1932-ci ildə anadan olması,Azərbaycanlı, az savadlı, evdar qadın olması), 3 .X26- oğlu (1961-ci ildə anadan olmuş, Azərbaycanlı, Görədil 8-illik məktəbin İ-İİ-ci siniflərində oxuması); 4 .X34-oğlu (1963-ci ildə anadan olması, Azərbaycanlı, İİ-ci sinifdə oxuması); 5 .X20- qızı (1968-ci ildə anadan olması, Azərbaycanlı); 6 .X21 -qızı (1968-ci ildə anadan olması, Azərbaycanlı olması) göstərilmişdir. Bundan başqa, 1969-1971-ci illərin məlumatına görə X13 adına, ümumi torpağın cəmi 0,08 ha, o cümlədən tikili alıtında 0,01 ha olması göstərilmişdir. - Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1796 saylı Qərardan görünür ki, X29 mirasın qəbul edilməsi barədə notariat ofisinə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etmədiyindən, X14 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 107 saylı arayışdan görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş, mərhum X30 vəfat edən günə kimi Abşeron Rayonu Görədil kəndində ailə üzvləri: gəlini- X31, nəvəsi - X35, nəvəsi - X25, nəvəsi - X36 və nəvəsi - X37 ilə birlikdə yaşamışlar. - Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 108 saylı arayışdan görünür ki, İddiaçı Əliislam oğlu 1998-ci ildən 2003-cü ilə qədər və 2016-cı ildən hal-hazırki vaxta qədər Abşeron rayonu, Görədil kəndində yaşayır. - Abonent kodu **********14620 olan abonent saldosundan görünür ki, X10 adına ünvan 2 ünvana xx.xx.2020-ci il tarixdən qaz sayğacı quraşdırılmışdırılmışdır. - Abunə kodu **********00933 olan Abunə Haqqında saldodan görünür ki, "xxxx" ASC ilə X32 arasında **********3 saylı, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən sayğac quraşdırılmışdır. - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2005-ci il tarixli 32017219 saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə X31 arasında ünvan 3 ünvanındakı evi su ilə təchiz olunması üçün müqavilə bağlanmışdır. - AZ-İİİ 654022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmaqla atası X33, anası X15r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda mövcud olan məlumata əsasən, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş xx.xx.1961-ci il təvəllüdlü X24 (Ağır Cinayətlər Dair işlər üzrə AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü, AR CM-nin 181.3.2, 228.2.1, 66.3-cü maddələri, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, cəzanın əvvəli xx.xx.2003-cü il, cəzanın sonu xx.xx.2015-ci il) həmin müəssisədən xx.xx.2015-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Görədil kəndində yerləşən, 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X11 məxsus olmuşdur. X16 xx.xx.2003-cü il tarixdə, Abşeron rayonu, Görədil kəndində vəfat etmişdir. İddiaçı atası öləndən sonra yəni xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həm hüquqi savadsızlıqdan, həm də, cəzaçəkmə müəssisəsində olması səbəbindən mirasın qəbul edilməsi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1796 saylı notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında qərarı ilə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə vermədiyini və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim edilmədiyini əsas gətirərək mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.12.23-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. …Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmiş, sonradan notariat ofisinə müraciət etsə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən imtina məktubu almış və bundan sonra müddətin bərpası üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdikləri əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi üzrlü sayılaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi təmin edilməklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3ndan miras qalmış Abşeron rayonu, Görədil kəndində yerləşən, 0.08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mirasın qəbulu ilə əlaqədar buraxılmış müddət üzrlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar