Məhkəmə qərarları › İş №e-2(012)-3904/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3904/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3904/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3054.42 manat əsas, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 faizi həcmində hesablanmaqla 305.44 manat penya və 53.39 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3413.45 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3507/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair e-2(060)-3507/2022 saylı mülki işin aidiyyatı üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilərək sonuncu məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. Mülki iş materiallarında olan məhkəmə aktına əsasən, mülki işin aidiyyatla göndərilməsinə əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 35.1-ci maddəsinə istinad edilmiş və cavabdehin qeydiyyat ünvanı üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərməsi ilə əlaqədar aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı yaratdığından, işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki iş materiallarına əlavə olunmuş, elektron informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri 1-ci mikrorayon 2/32 saylı evin 39 saylı mənzilində qeydiyyatdadır. Mülki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mübahisələrin həlli üsulu olaraq, müqavilə aidiyyəti ilə bağlı müstəsna normalar nəzərdə tutulmadığından, hazırki iddia ərizəsi ümumi aidiyyət normalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı məhkəmədə, yəni Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, mülki işə aidiyyəti üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin aidiyyət qaydalarına uyğun olaraq hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar