Məhkəmə qərarları › İş №e-2(012)-397/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-397/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-397/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 4335 manat məbləğində vurulmuş zərərin və 63,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mitsubishi Pajero” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Səbail RPŞ tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli, GP 17525854 saylı qərarla “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilə 4335 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231016 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 4335 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə2 və Salatın Allahverənova iddia tələbini müdafiə etdiyini bildirdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, X2 məxsus “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. - İcbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobil xx.xx.2023-cü il tarixinə olan sığorta hadisəsi üçün "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. - xx.xx.2023-cü il tarixli ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh sürücülük hüququ olmadan “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində həmin avtomobil ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobillə toqquşmuşdur. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə ümumilikdə 4335 manat zərər dəymişdir. - xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 4335 manat məbləğində sığorta ödənişinin ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilin sahibi X1 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9730/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 331322 saylı qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı, mühərrik həcmi 3000 sm3 olan ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilin təmirbərpa xərci təxminən 3875 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Ford” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ** KS *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı nəqliyyat vasitəsi toqquşaraq sonuncu avtomobilə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 4335 manat dəyərində ziyan dəymiş, həmin məbləğ xx.xx.2023-cü il tarixli ödəniş tapşığırına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin hadisə baş verən zaman avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 4335 manat pulun Cavabdeh tutulmasını tələb edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği 3875 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 3875 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş 63,75 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə dövlət nəfinə tutulmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 3875 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 63,75 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar