Məhkəmə qərarları › İş №e-2(012)-4144/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4144/2022

22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4144/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X7, X5) qarşı şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair mülki işə 22 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik üzrə payların müəyyən edilməsi və mənim xx.xx.2012-ci ildə ölmüş X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onun atası X11 xx.xx.2012-ci ildə vəfat etmişdir. Atasının ölümü Abşeron rayonu, Xırdalan şəhər VVADQ Şöbəsində 10 iyul 2012cı il tarixdə qeydiyyata alınmışdır. X1 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Atası ilə anasının rəsmi nikahından ondan başqa, X9, X12, X15 və Cavabdeh1 adlı dörd uşaqları anadan olmuşdur. Atasından miras qalmış əmlak Abşeron rayonu, Xırdalan qəsəbəsi, X13 V küçəsində yerləşən 63 saylı evdən ibarətdir. O, mərhum atasından qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, X13 V küçəsində yerləşən 63 saylı evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Abşeron rayonu 1 saylı Notariat Kontoruna müraciət etsə də, Notariat Ofisi 29 iyun 2022-ci il tarixli 2459 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx.xx.2012-ci ildə ölmüş X6 qanun üzrə birinci növbəli vərəsəsi o və qardaşlarından ibarətdir. Hüquqi savadı olmadığından atası X6 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduqları barədə məlumatları olmamış, bu səbəbdən müddəti üzrlü səbəbdən buraxmışdır. Qardaşı Cavabdeh1 onun xəbəri olmadan vərəsəlik işinin açılması ilə bağlı Abşeron rayonu 1 saylı Notariat Kontoruna müraciət etmiş və xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi açılmışdır. Həmin şəhadətnamə üzrə atasının "xxxx" ASC-nin Nərimanov filialında olan əmanət kitabçası üzrə pul vəsaitini, faizini və kompensasiyasını qardaşı onların payları müəyyən edilmədən əldə etmişdir. xx.xx.2012-ci il tarixli şəhadətnamədə Cavabdeh1 tərəfindən başqa vərəsənin olmaması barədə qeyd aparılmış, notariat kontoru tərəfindən basqa vərəsənin olub-olmaması araşdırılmamış və qanun üzrə digər vərəsələrin paylarını müəyyən edilməmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzürlü sayılmalı və müddət uzadılmalıdır. Onun xx.xx.2012-ci ildə ölmüş X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməlidir. xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnamə digər vərəsələrin iştirakı olmadan və payları müəyyən edilmədən tərtib olunduğiundan etibarsız hesab edilməlidir. İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsinə Abşeron rayonu, Xırdalan şəhəri, X13, ev 63 ünvanında yerləşən iddiaçının atası X3 qalan miras əmlakına dair payların müəyyən edilməsinin əlavə edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, mərhum ataları X3 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, X13, V küçəsində yerləşən 63 saylı evi iddiaçı faktiki olaraq qəbul edərək həmişə ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Bundan başqa, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddiasında müddətin uzadılması üçün üzrlü hesab edilə biləcək heç bir hal göstərməmişdir. Göstərdiyi yeganə hal hüquqi savadsızlığı olmuşdur. Həmin hal isə müddətin ötürülməsinin üzrlü hesab edilərək uzadılması üçün əsas ola bilməz. Miras açıldığı vaxtdan əvvəldən də iddiaçı həmin ünvanda yaşamamışdır. Lakin iddiaçı 10 il müddətdən sonra vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etdi. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X7, X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin onlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, X13 V küçəsində yerləşən 63 saylı yaşayış sahəsi 75,2 kv.m köməkçi sahəsi 87,6 kv.m 4 otaqdan ibarət olan 63 saylı ev Abşeron rayon İcra Hakimiyyəti Başçısının 66 nömrəli 27 mart 1997-ci il tarixli qərarı əsasında X6 adına 232274 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2012-ci ildə, X4 xx.xx.2008-ci ildə ölmüşdür. Mülki işin materiallarında olan Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında 2459 nömrəli 29 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinə ünvan 2 ünvanında qeydiyyatda olan vət.İddiaçı xx.xx.2012ci ildə vəfat etmiş atası X3 miras qalmış Xırdalan şəhəri “Quşçuluq” massivi 5-ci küçə, ev 63 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh1 ərizəsi əsasında Abşeron rayon 1 saylı notariat kontorunda vərəsəlik işi açılmış və atası X3 miras qalmış "xxxx" ASC-də olan pul vəsaitinə xx.xx.2012-ci il 2V-928 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, Vət. İddiaçı mirasın qəbul edilməsi barədə notariat ofisinə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etməmişdir. Göstərilənlərə əsasən İddiaçı qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30 iyun 2012-ci ildə vəfat etmiş Abşeron rayonu, Xırdalan qəsəbəsi, X13, 5-ci küçə, ev 63-də yaşamış X6 vərəsəsi Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak "xxxx" Nərimanov rayon filialında əmanət kitabçasında 25706 saylı hesabda olan pul vəsaiti, bağlanan dövr üçün faiz məbləği və gələcəkdə ödəniləcək kompensiyadan ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi X6 adına Abşeron rayonu, Xırdalan qəsəbəsi, X13, 5-ci küçə, 2-ci dalan, ev 63 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2001-ci ıl tarixində 23227 reyestr nömrəli qeydiyyat vəsiqəsi (Abşeron rayon İHB-nın xx.xx.1997-ci ıl 66 nömrəli qərarı əsasında) verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması, Abşeron rayonu, Xırdalan şəhəri, X13, ev 63 ünvanında yerləşən iddiaçının atası X3 qalan miras əmlakına dair payların müəyyən edilməsini xahiş etmişdir. Kapital Bank” Nərimanov rayon filialında əmanət kitabçasında 25706 saylı hesabda olan 200 manat pul vəsaiti miras qalmıdır.Miras əmlak olan evdə cavabdeh ailəsi ilə birlikdə yaşamış, hazırdada yaşayır, miras pulu da yenə cavabdeh qəbul etmiş, izahatına görə atasının yas mərasiminə xərcləmişdir. Həmçinin, müəyyən edilir ki, iddiaçı vərəsəlik işini rəsmiləşdirmək üçün Abşeron rayonu 1 saylı notariat ofiisinə müraciət etmiş, həmin notariat ofisinin 28 yanvar 2022-ci il tarixli, 336 saylı məktubu ilə ona Cavabdeh1 adına olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və digər sənədlərin surətləri verilmiş, bundan sonra onun vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə 29 iyun 2022-ci il tarixdə imtina verilmişdir. İddiaçı mirasın qəbul edilməsi müddətini ötən 10 ildən artıq bir müddətə ötürülməsini savadsızlığı ilə əlaqələndirir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi mübahisəli miras əmlakı miras qoyanın ölümündən sonra faktiki olaraq onun övladları olan vərəsələrdən Cavabdeh1 qəbul etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Mülki Məcəllənin 1159-cu maddəsinin məzmununa əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay hüquqları vardır. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Mülki Məcəllənin 1159- cu maddəsinin məzmununa əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay hüquqları vardır. İddiaçı atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır.Habelə iddiaçı vərəsəlik işini rəsmiləşdirmək üçün Abşeron rayonu 1 saylı notariat ofiisinə müraciət etmiş, həmin notariat ofisinin 28 yanvar 2022-ci il tarixli, 336 saylı məktubu ilə ona Cavabdeh1 adına olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və digər sənədlərin surətləri verilmiş, həmin vaxt iddiaçı vəkilin hüquqi yardımından istifadə etməsinə baxmayaraq mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malik olduğu halda ,yenə də müddəti ötürməklə 04.07 2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddətlər ötəndən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası barədə iddianın dəlillərini isə məhkəmə əsaslı hesab etmir. Mülki Məcəllənin 1248-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər.Bununla bağlı məhkəmə qeyd edir ki, üzürlü səbəb məsələsi hər bir konkret halda məqamlar nəzərə alınmaqla fərdi qaydada həll edilir.Konkret halda,iddiaçının izahatından göründüyü kimi iddiaçı ailə qurandan mübahisəli evi tərk edib getmiş, başqa yaşayış sahəsində uzun illərdir ki, yaşayır.Məhz evə ehtiyacının olmaması səbəbindən iddiaçı qanunla müəyyən edilən müddətdə notariat ofisinə mirasın qəbulu üçün müraciət etməmiş və miras əmlakı faktiki qəbul etməmişdir. Bütün bu hallar isə iddianın təmin edilməməsi nəticəsinə gəlmək üçün əsasdır. Mülki Məcəllənin 1274-cü maddəsində mirasın bölüşdürülməsi anlayışı öz əksini tapmışdır. Həmin maddəyə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Lakin göründüyü kimi cavabdeh iddianı qəbul etmir, tərəflər arasında miras əmlakla bağlı razılaşma yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X7, X5) şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası əsassız olduğundan təmin eilməməlidir. Hazırkı mübahisəyə MM-nin 1272-ci maddəsində nəzərdə tutulan kəsici müddət tətbiq edildiyindən iddia müddətinin tətbiiqi barədə cavabdehin ərizəsi nəzərə alınmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X7, X5) şəhadətnamənin ləğvi, miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar