Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-418/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil Akif oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87200 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 439 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil Akif oğlu məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 1997ci ildən Türkiyənin İstanbul şəhərində yaşayır, Azərbaycan Respublikası vətəndaşı olsa da Türkiyədə daimi yaşamaq hüququ vardır. İddiaçı artıq uzun müddətdir ki, İstanbul şəhərində ayaqqabı satışı ilə məşğul olan mağazada işləyir. 2016-cı ilin avqust ayında hazırki iş üzrə Cavabdeh iddiaçının İstanbul şəhərində işlədiyi mağazaya gəlmiş, özünü həmyerlisi kimi təqdim edərək ilk vaxtlardan isti münasibət yaratmış, Bakı şəhərində 5 mağazasının olduğunu, illik dövriyyəsi 40000000 ABŞ dollarından artıq olan ayaqqabı biznesi ilə məşğul olduğunu bildirmişdir. Daha sonra isə Cavabdeh həmyerli olmalarını bildirərək təkidlə nisyə mal verilməsini xahiş etmişdir. İddiaçı bir neçə dəfə yox cavabı versə də, cavabdeh İstanbulda fəaliyyət göstərən digər azərbaycanlı iş adamları vasitəsilə dəfələrlə xahişlər etdirmişdir. İddiaçı bir neçə dəfə cavabdehə aralarında yazılı müqavilə tərtib etməyi təklif etsə də cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmış, mülkiyyətində çoxlu sayda əmlaklarının (torpaq sahələri, mənzillər, avtomobillər və s.) olmasını bildirib əgər işində problem yaranarsa bu zaman həmin əmlakları sataraq iddiaçının pulunu qaytaracağını demişdir. Hətta cavabdeh iddiaçı ilə görüşlərinin birində əmlaklarının siyahısını (1. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1V, mənzil 21, 2. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli ev 127, mənzil 42, 3. Bakı şəhəri, Binəqədi rayonunda olan yeni tikilidə olan mənzil, 4. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 0,03 ha torpaq sahəsi, 5. Abşeron rayonu, Xırdalan şəhəri, 0,10 ha torpaq sahəsi, 6. Sumqayıt şəhəri, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi, 7. Abşeron rayonu, Xırdalan şəhəri, Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 0,59 ha, 2 hektar və 1 hektar torpaq sahəsi, 8. Abşeron rayonu, Saray qəsəbəsində 0,5 ha torpaq sahəsi, 9. Abşeron rayonu, Qobustan kəndində 3,5293 ha və 1,5550 ha torpaq sahəsi,
10. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 28, mənzil 128, 11. Masallı rayonu, Kəlbəhüseynli kəndində 0,1127 ha torpaq sahəsi və 12. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, mənzil 36) da təqdim etmişdir. Bu yolla cavabdeh iddiaçının etibarını qazanmış, nəticədə tərəflər malların nisyə verilməsi və verilmiş malların dəyərinin mal verilən gündən sonrakı 3 ay içərisində tam şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə də 2016-cı ilin avqust ayından 2017-ci il avqust ayına qədər olan müddətdə iddiaçı tərəfindən cavabdehin adına Bakı şəhərinə hissə- hissə olmaqla ümumilikdə 98900 ABŞ dolları dəyərində nisyə ayaqqabı göndərilmiş və cavabdeh həmin malları qəbul edərək satmışdır. Lakin yuxarıda qeyd olunan dövr ərzində iddiaçı cavabdehdən dəfələrlə malların pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Bundan sonra tərəflər arasında çoxlu sayda danışıqların olmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyi üçün iddiaçı 2019-cu ilin yanvar ayında Bakı şəhərinə gəlmiş, həmin vaxt cavabdeh borcunu ödəmək üçün hələki pulunun olmadığını bildirmiş və borcun bir hissəsinin qarşılığında mülkiyyətində olan torpaq sahələrindən birini iddiaçıya verə biləcəyini bildirmişdir. Nəticədə tərəflər borcun bir qismi qarşılığında təklif olunan torpaq sahəsinin iddiaçıya verilməsi və həmin torpaq sahəsi iddiaçıya veriləndən sonra 87200 ABŞ dolları məbləğində borcun qalacağı barədə razılıq əldə etmişlər. Bundan sonra isə razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan Novxanı qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi borcun bir qismi əvəzində çıxarış əsasında iddiaçının qardaşı X1 adına rəsmiləşdirilmişdir. Lakin bundan sonra qalan 87200 ABŞ dolları məbləğində borcdan cavabdeh heç bir ödəniş etməmiş, tərəflər arasındakı çoxsaylı danışıqlar zamanı cavabdeh hər dəfə borcun qalan hissəsinin ödənilməsi ilə bağlı vaxt istəmiş, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Danışıqların heç bir nəticə vermədiyini görən iddiaçı qeyd olunan məsələ ilə bağlı 16 yanvar 2020-ci il tarixdə Bakı Şəhəri Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X7 tərəfindən iddiaçının ərizəsi əsasında araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qərarla tərəflər arasındakı münasibətlərin mülki xarakerli olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və iddiaçıya həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı Bakı Şəhəri Baş Polis İdarəsinə müraciət edəndən sonra araşdırılma aparılan zaman cavabdeh yenidən iddiaçı ilə görüşmüş (2020-ci ilin yanvar ayında), ona 3-4 ay möhlət verilməsini xahiş etmiş, 3 ay sonra borcu hissə-hissə olmaqla ödəməyə başlayacağını bildirmişdir. Lakin cavabdeh istədiyi möhlət (3-4 ay) başa çatandan sonra da borc məbləğindən heç bir ödəniş etməmiş, nəticədə də hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma materiallarında borcun etiraf edilməsi ilə bağlı hazırkı iş üzrə cavabdehin izahatı mövcuddur. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, iddiaçının ərizəsi əsasında aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Cavabdeh verdiyi izahatda iddiaçıya borcunun olduğunu, həmin borcunun bir hissəsi qarşılığında mülkiyyətində olan Novxanı qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsini iddiaçının qardaşı Araz Qarayevin adına keçirdiyini, bundan sonra 87200 ABŞ dolları məbləğində borcunun qaldığını, iddiaçı hüquq mühafizə orqanına müraciət edəndən sonra iddiaçı ilə görüşdüyünü və borcun ödənilməsi üçün 3-4 ay möhlət istədiyini etiraf etmişdir. Bunlardan əlavə iddiaçı ilə cavabdeh arasında İstanbul şəhərində olan görüşlərdə iddiaçı ilə birgə çalışan X2, Bakı şəhərində olan görüşlərdə isə iddiaçının qardaşı X4 iştirak etmişdir və zərurət yaranarsa həmin şəxslər şahid qismində dindirilə bilər. Həmçinin qeyd olunan məsələlərlə bağlı tərəflər arasında yazışmalar və cavabdehin səs yazıları da vardır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, ticarətlə məşğul olmuş,iddiaçının göstərdikləri həqiqəti əks etdirir və hazırda onun iddiaçıya 87200 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Bakı Şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin 12 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, 1998-ci ildən Bakı şəhərində olan “Viva” ayaqqabı mağazalarına fərdi sahibkar kimi rəhbərlik edir. Həmin mağazalar Səbail (Tarqovu, Sahil metrosu), Yasamal (Şərifzadə), Nəsimi (28 may metrosu), Nərimanov (F.X.Xoyski küçəsində), Yasamal (20 yanvar metrosu), Binəqədi (Atatürk prospekti) rayonları və s. yerlərdə olan bütün “Viva” mağazalarını işlətmiş, hazırda isə həmin mağazalardan yalnız 28 may metrosunun yaxınlığında olan mağazaları fəaliyyət göstərir. Onun bu biznesdə heç kimlə şərikliyi olmamışdır. İddiaçı İstanbul şəhərində olan mağazasından 2016-cı ildən müştəri kimi tanımış, aralarında münasibətləri çox yaxşı olmuşdur. O Elmini tanıdığı ilk vaxtdan hissə-hissə olmaqla 2017-ci ilə qədər Bakı şəhərinə göndərdiyi ayaqqabıları qəbul edib satmaqla bizneslə məşğul olurmuş. O həmin ayaqqabıları hissə-hissə olmaqla sonradan yəni, bir həftə on gündən bir olmaqla malların pulunu İstanbul şəhərində olan evinə qara bazar vasitəsilə yəni, Tiblisi prospektdə yerləşən valyuta dəyişmə məntəqəsi vasitəsilə göndərirmiş. O adətən pulları bu yolla göndərir, bəzi hallarda isə İstanbul şəhərinə özü getdiyi vaxtlarda əlbəəl olmaqla da verirmiş. Sonuncu dəfə yəni, bir il bundan öncə pulu olmadığı üçün qalan borcuna görə Novxanı qəsəbəsində olan 10 sot torpağı 20000 manat qiymətləndirməklə qəbul etmiş, iddiaçı da həmin torpaq sahəsini tam qanuni formada qardaşının adına keçirmişdir. O Elminlə işlədiyi müddət ərzində ümumilikdə 267000 ABŞ dolları dəyərində mal almış, torpaq sahəsi də daxil olmaqla 180000 ABŞ dolları pulunu qaytarmışdır. Nəticədə onun Elminə 87000 ABŞ dolları verməli olduğu pul qalmışdır. Hazırda da onun biznesi iflasa uğradığı üçün və bütün mağazaları bağlayıb yalnız bir mağazası fəaliyyət göstərir. Buna görə də o Elminə verməli olduğu pulları qaytara bilməmişdir. Onun iflas olmağına səbəblər Elmindən aldığı mallar baha olmuş, dollarla aldığı malların Azərbaycan manatı ilə qiymətləndirən zaman qiyməti baha olduğundan satışda çətinlik çəkmiş, qüsurlu malların sayı çox olduğundan və həmin malların geri qaytarılması mümkün olmamış, mağazalarının icarə haqlarının baha olması, ən əsası isə Elminin qüsurlu mallarını geri qaytarmaması olmuşdur. O təxminən 10 gün əvvəl Elminlə görüşləri zamanı ona 3-4 ay vaxt verməsini, 3 ay sonra hissə-hissə olmaqla pulları ödəməyə başlayacağını bildirmişdir. Lakin hazırda pulu olmadığı üçün o, Elminin pulunu ödəyə bilmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, adında olan faktiki olaraq Sərviz Süleymanovun mülkiyətində olan əmlaklar barədə o Elminə məlumat versə də, bu məlumatı bilmədiyi mənbədən özü əldə etmişdir, Sərviz Elminlə görüşən zaman o və Sərviz həqiqətəndə qeyd edilən əmlakların sonuncuya məxsus olmasını təsdiq etmişlər. Bu görüş zamanı Sərviz onun vəziyyətinin pis olmasını, tezliklə köməklik edib az-az ödəməyi təşkil edəcəyini bildirmişdir. O özü Sərvizlə Elminin görüşü təşkil etmişdir ki, özü də təsdiq etsin ki, bu həmin əmlaklar Sərvizə məxsusdur. O Elminlə hissə-hissə pulun ödənilməsi ilə bağlı razılığa gəlmiş və 2016-2017-ci illərdə hissə-hissə olmaqla Tiblisi prospektdə yerləşən qara bazar vasitəsilə Elminə göndərmişdir. O həmin göndərdiyi pullarla bağlı sənədləri istintaqa təqdim etməyə çalışacaqdır. Sərvizin bu işdə yəni, nə onun biznesində, nə də ki, Elminlə olan iş birliyində heç bir rolu olmamış, Elminlə də heç bir münasibəti olmamışdır. Sadəcə izahatında qeyd etdiyi kimi, onun və Sərvizin işitrakı ilə Elminlə görüşləri zamanı Sərviz Elmindən ona vaxt verməsini xahiş etmiş və qeyd etdiyi əmlakların faktiki olaraq Sərvizə məxsus olmasını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçı Qarayev X3 şəhərində ayaqqabı satışı ilə məşğul olan mağazada işləmiş, 2016-cı ilin avqust ayında Cavabdeh iddiaçının İstanbul şəhərində işlədiyi mağazaya gəlmiş və təkidlə ona nisyə mal verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin adına Bakı şəhərinə hissə-hissə olmaqla ümumilikdə 98900 ABŞ dolları dəyərində nisyə ayaqqabı göndərmiş və cavabdeh həmin malları qəbul edərək satmışdır. Daha sonra cavabdeh borcun bir hissəsinin qarşılığında mülkiyyətində olan Novxanı qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsini çıxarış əsasında iddiaçının qardaşı X1 adına rəsmiləşdirilmiş, lakin qalan 87200 ABŞ dolları məbləğində borcdan heç bir ödəniş etməmişdir. Cavabdeh İddiaçı 87200 ABŞ dolları borcunun olması faktı Bakı Şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin 12 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında və məhkəmə iclasında cavabdehin verdiyi izahat ilə tam təstiq olunur.Beləliklə yuraxırda qeyd olunanlardan və qanunvericiliyin aşağıda göstərilən normalarından məlum olur ki, tərəflər arasında ayaqqabının şifahi nisyə alqı-satqısından yaranan müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə üzrə iddiaçı cavabdeh qarşısında öz öhdəliklərin yerinə yetirərək, cavabdehə 98.900 ABŞ dolları dəyərində ayaqqabı vermiş, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini tam yerinə yetirməmiş, verilmiş malın dəyərinin bir hissəsini ödəmiş və 87200 ABŞ dolları məbləğində borcu qalmışdır. Odur ki, Cavabdeh 87200 ABŞ dolları pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 439 manat pul cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 87200 ABŞ dolları məbləğində pul və ya həmin ABŞ dolların ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul və 439 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov