Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-425/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh müqaviləsindən borclu olduğu 117000 manat, dövlət rüsumu olaraq ödənilmiş 407 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat olmaqla, cəmi 117557 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəyyən danışıqlar aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində, mərhum arvadı X6 ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, beh verən X6 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh ümumilikdə 117000 manat pul vermiş, Cavabdeh həmin behi almışdır. Müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılmışdır. Beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il tarix müddətinə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə X1 olduğu qeyri-yaşayış sahəsini başqa şəxslərə satmaqla dələduzluq cinayəti törətmişdir. Əldə etdiyi vərəsəlik şəhadətnaməsinə əsasən Abşeron rayon polis idarəsinə etdiyi müraciət əsasında Cavabdeh barəsində ********* saylı cinayət işi başlanmış və o həbs edilmişdir. İstintaq zamanı cavabdeh ona verilmiş 117000 manat behi qaytarsa da, beh müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş şərtə əməl etməmişdir. Müqavilənin həmin bəndində nəzərdə tutulmuşdur ki, mülkiyyətçi daşınmaz əmlakı satmaqdan imtina edərsə, alınan beh 2 qat qaytarılmalıdır. Əgər beh verən daşınmaz əmlakı almaqdan imtina edərsə, verdiyi beh qaytarılmır. Beləliklə, cavabdeh müqavilənin şərtinə əməl etməyərək, behin 2ci qatı olan 117000 manat pulu ona ödəməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, beh müqaviləsinin şərtini iddiaçı tərəf pozduğundan iddia əsassızdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə X6 ilə Cavabdeh arasında beh müqaviləsindən görünür ki, beh verən X6 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh 80000 manat beh verir, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılır. Beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il müddətinə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürür. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsəsidir. İşdə olan cinayət işi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə X6 ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmış, beh verən X6 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh 80000 manat beh vermiş, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılmış, beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il tarixə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürmüşlər. İşdə olan cinayət işi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin oktyabr ayını əvvəllərində mülkiyyətində olan Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0.027 ha torpaq sahəsində inşa edilən binanın birinci mərtəbəsindəki 183.5 kv.metrlik qeyri-yaşayış sahəsini 375.000 manat müqabilində İddiaçı satacağına vəd verərək aldadıb, bu məqsədlə xx.xx.2020-ci il tarixdə sonuncunun rəhmətə gedən arvadı X6 ilə alqı-satqı müqaviləsi bağlamış, həmin tarixdə Abşeron rayonu Xırdalan şəhərində 80.000 manat pulunu, xx.xx.2020-ci il tarixdə 15.000 manat pulunu, xx.xx.2020-ci il tarixdə 5.000 manat pulunu, xx.xx.2020-ci il tarixdə 17.000 manat pulunu, ümumilikdə 117.000 manat pulunu vahid niyyətlə alıb ələ keçirmiş, daha sonra adıgedən 183.5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 60,5 kv.metr olan hissəsini xx.xx.2021ci il tarixdə X5 119.000 manata, 123 kv.metr olan hissəsini isə həmin tarixdə X3 226.000 manata sataraq zərərçəkmiş şəxs İddiaçı 117.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə X6 ilə bağladığı beh müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər qeyri-yaşayış sahəsinə aid alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öhdəsinə götürmüş, lakin bu müddətə kimi, yəni xx.xx.2021-ci il tarixdə mübahisəli əmlakı başqa şəxslərə satmış, bununla da beh müqaviləsinin şərtlərini pozmuş, daşınmaz əmlakı Z.İ.İsmayılovaya satmaqdan imtina etmişdir. Müqavilənin 5-ci bəndində isə qeyd edilmişdir ki, mülkiyyətçi daşınmaz əmlakı satmaqdan imtina edərsə, alınan beh 2 qat qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, behin məbləğini müqavilə üzrə tərəflər 80000 manat müəyyən etmişlər. Sonradan Cavabdeh ümumilikdə 117000 manat vəsait qəbul etsə də, məhkəmə hesab edir ki, bunun yalnız 80000 manat hissəsi beh məbləğidir, digər 37000 manat isə xx.xx.2022-ci il tarixə qədər ödənilməli olan qalıq məbləğdir. İşdən görünür ki, hazırki tarixədək Cavabdeh iddiaçı tərəfə götürdüyü 80000 manat behi qaytarsa da, müqavilədə və mülki qanunvericilikdə nəzərdə tutulmuş behin ikiqat hissəsini, yəni 80000 manatı ona qaytarmamışdır. Buna görə də məhkəmə hazırki iddianı bu məbləğdə əsaslı hesab edir və iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. İşdən, həmçinin görünür ki, hazırki mübahisə üzrə iddiaçı vəkil xidmətindən istifadə etmiş və onunla xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, xidmətin dəyəri 150 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 80000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İcra edilməmiş beh öhdəliyinin bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 330 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 80000 manat pul, 150 manat vəkil xərcinin əvəzi və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-425/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-425/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver