Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4400/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2021-ci il tarixə 526,63 manat gecikdirilmiş əsas, 811,9 manat gecikdirilmiş mükafat, 357,56 manat dəbbə pulu, ümumilikdə 1696,09 manat borc və ödənilmiş 37,37 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322926 ban, 147H0590202 mühərrik nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən Cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit 447,15 manat olmaqla, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 dekabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10 sentyabr 2021-ci il tarixdə 450 manat məbləğində olmuşdur. Eyni zamanda, Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2021-ci il tarixə 526,63 manat gecikdirilmiş əsas, 811,9 manat gecikdirilmiş mükafat, 357,56 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 1696,09 manat gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, məhkəmədən Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2021-ci il tarixə 526,63 manat gecikdirilmiş əsas, 811,9 manat gecikdirilmiş mükafat, 357,56 manat dəbbə pulu, 877 manat ödənilmiş cərimələrin əvəzi olmaqla, ümumilikdə 2573,09 manat borc və ödənilmiş 46,54 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322926 ban, 147H0590202 mühərrik nömrəli, ağ rəngli 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən Cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit 447,15 manat olmaqla, ümumilikdə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 16 dekabr 2022-ci il tarixli aktdan görünür ki, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin duracağında yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsi üzrə borcun məbləği, həmçinin ödənilməli olması barədə Cavabdeh məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 dekabr 2021-ci il tarixə yaranmış 526,63 manat gecikdirilmiş əsas, 811,9 manat gecikdirilmiş mükafat, 357,56 manat dəbbə pulu, ümumilikdə 1696,09 manat borcu vardır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322926 ban, 147H0590202 mühərrik nömrəli, ağ rəngli avtomobillin sahibi İddiaçı MMC-dir. İşdə olan xx.xx.2022-ci il tarixli 6 ədəd qəbzin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh əvəzinə ümumilikdə 877 manat cərimə ödəmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322926 ban, 147H0590202 mühərrik nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit 447,15 manat olmaqla, ümumilikdə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, 77- PB-650 dövlət qeydiyyat nişanlı avtomobil 16 dekabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, həmin avtomobili idarə edərəkən Rauf Abbasova 6 qərarla (və ya protokolla) ümumilikdə 877 manat cərimə tətbiq edilmiş, bu cərimələr ödənilməmiş qalmışdır. Şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə onun əvəzinə 877 manat ödəniş edilmiş, beləliklə, iddiaçıya 877 manat məbləğində zərər dəymişdir. Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı daxili lizinq müqaviləsi üzrə 16 dekabr 2021-ci il tarixə 526,63 manat gecikdirilmiş əsas, 811,90 manat gecikdirilmiş mükafat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunduğu kimi, Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, bunun nəticəsində onun İddiaçı MMC-yə 526,63 manat gecikdirilmiş əsas, 811,90 manat gecikdirilmiş mükafat borcu yaranmışdır. Bundan başqa, cavabdeh lizinq obyektindən istifadə edərkən pozuntular törətmiş, bu zərərin aradan qaldırılması üçün İddiaçı MMC tərəfindən 877 manat vəsait sərf edilmişdir. İşin bu hallarına qiymət verərək məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia bu hissələrdə əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, daxili lizinq müqaviləsi üzrə hesablanmış 357,56 manat cərimə azaldılmalı, 4,47 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh 10 avqust 2021-ci il tarixli MAS-4176 saylı müqaviləyə əsasən 526,63 manat gecikdirilmiş əsas, 811,90 manat gecikdirilmiş mükafat borcu, 4,47 manat cərimə borcu, 877 manat dəymiş zərərin əvəzi olmaqla, cəmi 2220 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 46,54 manat pulun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 526,63 manat gecikdirilmiş əsas, 811,90 manat gecikdirilmiş mükafat borcu, 4,47 manat cərimə borcu, 877 manat dəymiş zərərin əvəzi olmaqla, cəmi 2220 manat məbləğində pul və ödənilmiş 46,54 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4400/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4400/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver