Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-447/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1814 manat ziyanın və ödənilmiş 38,54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Emil adlı şəxsin idarə etdiyi “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, A.Hümbətov küçəsi ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməsi qaydalarını pozmuş, nəticədə, “Hyundai Elantra” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nərimanov rayon DYPŞdə araşdırma aparılmış və məlum olmuşdur ki, Cavabdeh sürmə təlimi keçməklə məşğul olan şəxsdir və hadisə zamanı öz ilkin izahatında qeyd etmişdir ki, yol-nəqliyyat hadisənin baş verdiyi anda sürücü oturacağında o əyləşmişdir. Lakin Nərimanov DYPŞ-nin əməkdaşlaırnın araşdırmasından sonra, ikinci izahatında Cavabdeh sürmə təlimi keçdiyini və bu səbəblə də hadisə zamanı sürücü oturacağında Emil adlı şagirdin əyləşdiyini, özünün isə ön sol oturacaqda əyləşdiyini bildirmiş və hadisə zamanı sürmə təlimi keçən şəxs kimi bütün məsuliyyət ona aid olduğuna görə özünü sürücü kimi təqdim etmişdir. Nərimanov rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Belə ki, sürmə təlimi keçmək üçün nəzərdə tutulan “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** nömrə nişanlı avtomobil “Yol hərəkəti haqqında” Qanunun 78-ci maddəsinin 4-cü və 1-ci bəndinin tələblərini pozmuşdur. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə 1814 manat maddi zərər dəymişdir. İAS221298 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1814 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin İAS221298 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə "xxxx" ASC-də 5000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə X4 məxsus olan “Hyundai Elantra” markalı ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toqquşmuş və sonuncu avtomobilə 1814 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği X2 hesabına köçürülmüşdür. - Müstəqil sığorta eksperti Rəşad Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1814 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X2 hesabına "xxxx" ASC tərəfindən sığorta ödənişinin məbləği olaraq 1814 manat köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli PME********** saylı icbari sğorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus olan “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə sığorta haqqı 40 manat, Bonus-Malus əmsalı 0.80 olmaqla (50 manat x 0.80=40 manat), yekun sığorta haqqı 40 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimələnmişdir. Qərara eyni tarixli İXP ******* saylı protokol əlavə edilmişdir. - "xxxx" ASC tərəfindən X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli 819-06/22 SH saylı məktubdan görünür ki, sığorta şirkəti borclulara ödənilmiş 1814 manat sığorta məbləğinin 3 gün müddətində ödənilmədiyi təqdirdə subroqasiya qaydasında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:05 radələrində Bakı şəhəri, A.Hümbətov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan və "xxxx" ASC-də sığortalanmış “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə X4 məxsus olan, hadisə baş verən zaman etibarnamə əsasında X5 tərəfindən idarə olunmuş “Hyundai Elantra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq sonuncunun avtomobilinə 1814 manat məbləğində ziyan dəymişdir. Nərimanov rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli şəxs olduğu müəyyən edilmişdir. Hazırda "xxxx" ASC iddia edir ki, bu yol-nəqliyyat hadisəsi törədilən vaxt təlimkeçmə məqsədli avtomobili Cavabdeh deyil, təlim keçilən Emil adlı şəxs idarə etdiyindən sığorta ödənişi kimi ödənilmiş 1814 manat vəsait cavabdehdən alınaraq ASC-yə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, işdə “Nissan Sunny xüsusi təyinatlı təlim” markalı, ** KP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə hər hansı məlumat yoxdur. İşdəki mötəbər sənədlərdən görünür ki, qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 olsa da, hadisə baş verərkən onu Cavabdeh qanuni əsaslarla idarə etmişdir. Təlim məqsədli avtomobilin başqa şəxs tərəfindən idarə edilməsilə bağlı məlumatın əldə edilməsi məqsədilə baş vermiş yol-nəqliyyat hadisəsini qeydə almış müvafiq quruma məhkəmə tərəfindən sorğu verilmiş, lakin əldə edilmiş materiallarda bu faktı təsdiq edən hər hansı mötəbər sübut aşkar edilməmişdir. Belə olan halda isə cavabdehdən subroqasiya qaydasında pul tələb edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya hər hansı zərər vurmadığından iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Buna görə də "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-447/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-447/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver