Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4496/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Hüseynova Könül Sabir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2023-cü il buraxılışlı, «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 iyul 2024-cü il tarixə 1328,09 manat gecikdirilmiş əsas, 747,46 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273,04 manat dəbbə pulu, cəmi 2348,59 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 09 avqust 2023-cü il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 avqust 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 31 avqust 2023-cü il tarixdə X3, X1 və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi'“ müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS- 5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Məhəmm Mustafazadə öz üzərinə götürmüşdür. 16 sentyabr 2023-cü il tarixdə X1, X4 və İddiaçı MMC arasında MAS-5876 saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Samir Məmmədov öz üzərinə götürmüşdür. 30 oktyabr 2023-cü il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS- 5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı "Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Taleh Cəfərov öz üzərinə götürmüşdür. 28 noyabr 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS- 5876 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5876 saylı “Daxili Lizinq" müqaviləsinə əsasən 29 iyul 2024-cü il tarixə ümumilikdə 2348.59 manat gecikmə borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-cü il buraxılışlı «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. -Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, MAS-5876 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 19100 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3200 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 5000 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 18 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə, lizinq verən lizinq alanı lizinq obyektinin bu müqavilə ilə şərtləşdirilmiş müddətlərdə gətirilməsinin mümkün olmadığını bildirdikdə digər uzadılmış müddət isə lizinq alanı qane etmədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, həmçinin, lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu, onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektini dəyəri 19100 manat olan «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 467,06 manat, sonuncu ay isə 25,619 manat ödəməyi öhdəsinə götürmüşdür. -Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC-nin mülkiyyətində olan «Khazar LD» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. -İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, 097 saylı xəbərdarlıqdan görünür ki, MMC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1328,09 manat gecikdirilmiş əsas, 747,46 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273,04 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 2348,59 manat borcu yaranmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı daxili lizinq müqaviləsinə əsasən, satıcı Azkron MMC-nin satdığı «Khazar LD» minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən İddiaçı MMC tərəfindən lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 19100 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 48 ay müddətinə hər ay 467,06 manat muzd haqqı ödənilmək şərtilə lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 273,04 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsi”nə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 1328,09 manat əsas borc üzrə hesablanmış 273,04 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, lizinq obyektinin geri qaytarılması, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1., 421.2., 422.2.-ci maddələri.) İddia ərizəsində lizinq obyektinin geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, lizinq obyektinin geri qaytarılması cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin: 748-1.8. maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12. maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.3. maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iddia tələbindən göründüyü kimi, cavabdehin, yəni lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vaxtında ödəməməsi lizinq verənin lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququnu yaratmışdır. Məhkəmə müqavilə şərtlərinə və qanunun tələblərinə əsasən hesab edir ki, iddiaçının lizinq obyektinin geri qaytarılması tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən 100,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, lizinq obyekti olan 2023cü il buraxılışlı, «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, cavabdehdən daxili lizinq müqaviləsinə əsasən 1328,09 manat gecikdirilmiş əsas, 747,46 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu olmaqla, cəmi 2085,55 manat pul vəsaiti və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Lizinq obyekti olan 2023-cü il buraxılışlı, «Khazar LD» minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh xx.xx.2023-cü il tarixli, MAS-5876 saylı Daxili lizinq müqaviləsi üzrə 1328,09 manat (min üç yüz iyirmi səkkiz manat doqquz qəpik) gecikdirilmiş əsas, 747,46 manat (yeddi yüz qırx yeddi manat qırx altı qəpik) gecikdirilmiş mükafat və 10 (on) manat dəbbə pulu olmaqla, cəmi 2085,55 manat (iki min səksən beş manat əlli beş qəpik) pul vəsaiti və 100,40 manat (yüz manat qırx qəpik) dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov