Məhkəmə qərarları › İş №e-2(012)-4545/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4545/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4545/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh ALY-1725 saylı daxili lizinq müqaviləsi üzrə 19 aprel 2023-cü il tarixə yaranmış 15231,44 manat əsas borcun və ödənilmiş 136,10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2023-cü il tarixli, ALY-1725 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015084 ban, qara metallik rəngli avtomobil 23604 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə №3) əsasən Cavabdeh illik 18% hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1525,56 manat, ümumilikdə isə 25307 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 aprel 2023-cü il tarixdə istifadəyə yararsız vəziyətə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 may 2023-cü il tarixdə 1550 manat məbləğində olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq (xx.xx.2023-cü il tarixdə ödənilmiş 1550 manatı nəzərə alınmaqla) 19 aprel 2023-cü il tarixə 15231,44 manat olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015084 ban, qara metallik rəngli avtomobil 23604 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən Cavabdeh illik 18 % hesablanmaqla 12 aylıq müddətə hər ay sabit 1525,56 manat olmaqla, ümumilikdə 25307 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin aktından görünür ki, lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil istismara yararsızdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsi üzrə borcun məbləği, həmçinin ödənilməli olması barədə Cavabdeh məlumat verilmişdir. Nəqliyyat vasitəsinin BB 333805 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015084 ban, qara metallik rəngli avtomobillin sahibi İddiaçı MMC-dir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Muğanlı kəndi ərazisindən keçən 179-cu km-də ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1998ci il təvəllüdlü Cavabdeh İddiaçı MMC-yə məxsus «Chevrolet Cobalt LTZ» markalı **-AN- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Qazax istiqamətində sol hərəkət zolağında idarə edib hərəkətdə olarkən avtomobili hərəkət hissəsinin sol kənarında olan beton səkiyə dəymiş, avtomobil sağa istiqamətlənib sağ hərəkət zolağına çıxaraq avtomobilin qabaq sağ yan hissəsi qarşıda eyni istiqamətdə sağ hərəkət zolağında hərəkətdə olan nömrəsi və markası istintaqa məlum olmayan yük avtomobinin arxa sol yan hissəsi ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində «Chevrolet Cobalt LTZ» markalı minik avtomobilinin sərnişini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli A/В massivi 78/22 ünvanında qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü X1 xəsarət almış və avtomobil zədələnmişdir. İşdə olan inzibati tənbehvermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015084 ban, qara metallik rəngli avtomobil 23604 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 18 % hesablanmaqla 12 ay müddətə hər ay sabit 1525,56 manat olmaqla, ümumilikdə 25307 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 25307 manatın 15231,44 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015084 ban, qara metallik rəngli avtomobillə xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, avtomobil istismara yararsız halda şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 15231,44 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Qeyd olunduğu kimi, Cavabdeh 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, bunun nəticəsində onun İddiaçı MMC-yə 15231,44 manat gecikdirilmiş əsas borcu yaranmışdır. İşin bu hallarına qiymət verərək məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə gecikdirilmiş əsas borc kimi 15231,44 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 136,10 manat pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında imzalanmış 03 aprel 2023-cü il tarixli ALY-1725 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc kimi 15231,44 manat pul və ödənilmiş 136,10 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar