Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-455/2023 24.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 660.29 manat gecikdirilmiş əsas, 517.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 498.09 manat dəbbə pulu, 1023 manat dəymiş zərər olmaqla, ümumilikdə, cəmi 2698.47 manat borcun və ödənilmiş 47.39 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, əlavə olaraq, inzibati xəta haqqında protokollara görə ödənilmiş 294 manat və dövlət rüsumuna görə 50.33 manat pul vəsaitinin də tutulmasını xahiş etmiş, məhkəmə ərizədə qeyd olunan həmin əsasın məhkəmə baxışı gedişində yaranması zəruriliyini rəhbər tutaraq, ərizəni icraata qəbul etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1. maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, Cavabdeh illik 24.5% hesablanmaqla, 48 ay müddətinə, hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatını əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 1023 manat ziyan dəymişdir. Eyni zamanda, cavabdehin müqavilə üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 660.29 manat gecikdirilmiş əsas, 517.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 498.09 manat dəbbə pulu, ümumilikdə isə 1675.47 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilmişdir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. -Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 14950 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 24.5 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 14950 manat olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Satıcı "xxxx" MMC, alıcı İddiaçı MMC və lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, tərəflər bu təhvil-təslim aktını imzalayaraq alıcı lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili tam həcmdə, tələb olunan keyfiyyətdə və tərəflər arasında razılaşdırılmış qaydada, müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq etmiş, tərəflərin bir-birinə heç bir iddiaları yoxdur, bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilmişdir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh müqavilə üzrə lizinq ödənişinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 389.61 manat, sonuncu ay isə 390.27 manat ödəməyi öhdəsinə götürmüşdür. -Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında aktdan görünür ki, İddiaçı MMC “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışdır. -Arayışdan görünür ki, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına buraxılmışdır. -»Azərmaş» MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 2532 saylı xəbərdarlıqdan görünür ki, MMC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 2840 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə 660.29 manat gecikdirilmiş əsas, 517.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 498.09 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 1675.47 manat borcu yaranmışdır. -»Azərmaş» MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1023 manat hesablanmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hesabına inzibati xəta haqqında protokollar əsasında hesablanmış cərimələrə görə xx.xx.2022-ci il tarixdə 96 manat, 18 manat (3 dəfə), 54 manat, 9 manat, 36 manat və 45 manat olmaqla, ümumilikdə, cəmi 294 manat pul vəsaiti ödəmişdir. -Çıxarışın surətindən görünür ki, İddiaçı MMC - adlı quruma VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 195 saylı ev, qanuni təmsilçi X2 olmasına dair xx.xx.2017-ci il tarixli, **********294900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X3 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/222 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən, 1002 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı daxili lizinq müqaviləsinə əsasən, satıcı "xxxx" MMC-nin satdığı “Khazar LX” minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən İddiaçı MMC tərəfindən lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 14950 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 48 ay müddətinə hər ay 389.61 manat muzd haqqı ödənilmək şərtilə lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 498.09 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 660.29 manat əsas borc üzrə hesablanmış 498.09 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli, №1/2021 saylı Qərardadındakı hüquqi mövqeyə əsasən, 12. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrıayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir. İddia tələbindən eyni zamanda, müəyyən olunur ki, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1023 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/222 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1002 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib əsas sübut növü kimi qəbul edir və avtomobilə 1002 manat zərərin dəyməsi qənaətinə gəlir. İddia tələbindən eyni zamanda, göründüyü kimi, iddiaçı avtomobilə hesablanmış cərimələrə görə inzibati xəta haqqında protokollara uyğun olaraq hesablanmış cərimə olaraq, ümumilikdə, cəmi 294 manat pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd edir ki, cərimə meydançasına yerləşdirilmiş avtomobilə görə tərtib olunmuş protokollara uyğun olaraq hesablanmış cərimə məbləğləri iddiaçı tərəfindən ödənildiyindən həmin pul vəsaitləri cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 50.33 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin qiymətinə mütənasib olaraq, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 50.33 manat dövlət rüsumunun 4.33 manat hissəsi iddiaçıya, 46 manat hissəsi isə cavabdehə, ekspertiza tədqiqatının dəyərinə görə müəyyən edilmiş 50 manat pul vəsaitinin 4 manat hissəsi iddiaçıya, 46 manat hissəsi isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, cavabdehdən 660.29 manat gecikdirilmiş əsas, 517.09 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, dəymiş zərərə görə 1002 manat, ödənilmiş cərimə məbləğlərinə görə 294 manat olmaqla, ümumilikdə, cəmi 2483.38 manat pul vəsaiti və 46 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4549 saylı “Daxili lizinq müqaviləsi” üzrə 660.29 (altı yüz altmış manat iyirmi doqquz qəpik) manat gecikdirilmiş əsas, 517.09 (beş yüz on yeddi manat doqquz qəpik) manat gecikdirilmiş mükafat, 10 (on) manat dəbbə pulu, dəymiş zərərə görə 1002 (min iki) manat və ödənilmiş cərimə məbləğlərinə görə 294 (iki yüz doxsan dörd) manat olmaqla, ümumilikdə, cəmi 2483.38 (iki min dörd yüz səksən üç manat otuz səkkiz qəpik) manat pul vəsaiti və 46 (qırx altı) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitinin 4 (dörd) manat hissəsi İddiaçı MMC-dən, 46 (qırx altı) manat hissəsi isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov