Məhkəmə qərarları › İş №e-2(012)-4880/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4880/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4880/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 397,90 manat və 502,90 manat olmaqla, ümumilikdə 900,80 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 930,80 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə onun (VÖEN:001000H0302) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 14094 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 658,90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 110 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi, xx.xx.2019-cu il tarixli, 14342 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 603,90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 101 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2018-ci il tarixli, 14094 saylı və xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq cavabdeh “ERA Electronics”-ə olan borcunu 1 ilə yaxın ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 40 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 14094 saylı müqavilədən görünür ki, borclu “ERA Electronics”dən kreditlə 658,90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 110 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilədən görünür ki, borclu “ERA Electronics”dən kreditlə 603,90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 101 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli, 14094 saylı və xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilələr üzrə 397,90 manat və 502,90 manat əsas borcu vardır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 14094 saylı və xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2018-ci il tarixli, 14094 saylı və xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilələri üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit sazişinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə xx.xx.2018-ci il tarixli, 14094 saylı müqavilə üzrə 397,90 manat və xx.xx.2019-cu il tarixli, 14342 saylı müqavilə üzrə 502,90 manat olmaqla, ümumilikdə 900,80 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 930,80 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar