Məhkəmə qərarları › İş №e-2(012)-4885/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4885/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4885/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı « X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 yanvar 2023-cü il tarixli VNA-055- 0006-23 saylı müqaviləyə əsasən 1581 manat əsas borc, 154,31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1735,31 manat pulun və 37,35 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli VNA-055-0006-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhviltəslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 1943 manat məbləğində olan dəyərini 13 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınır. 17 yanvar 2023-cü il tarixli VNA-055-0006-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 21 avqust 2023-cü il tarixinə 1581 manat əsas borc, 154,31 manat cərimə borcu olmaqla, cəmi 1735,31 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli VNA-055-0006-23 saylı müqaviləyə əsasən dəyəri 1943 manat olan mal satılmış, Cavabdeh isə malın dəyərini 13 ay müddətində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 yanvar 2023-cü il tarixli müqavilə üzrə həmin tarixə 1581 manat əsas borc, 154,31 manat cərimə borcu olmaqla, cəmi 1735,31 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 17 yanvar 2023-cü il tarixli müqavilə üzrə hesablanmış 154,31 manat cərimə borcunun məbləği azaldılmalı və 19 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 yanvar 2023-cü il tarixli müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1581 manat əsas borc, 19 manat cərimə borcu olmaqla, cəmi 1600 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu kimi 37,35 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1581 manat əsas borc, 19 manat cərimə borcu olmaqla, cəmi 1600 manat və ödənilmiş dövlət rüsumu üçün 37,35 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar