Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5045/2022 13.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı (“ERA Electronics”in) xeyrinə 51 manat əsas və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 56 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan (“ERA Electronics”) Cavabdeh1 və Cavabdeh2 (zamin) ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 21593 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 339 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 28 manat ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”lə bağlamış olduğu xx.xx.2020-ci il tarixli, 21593 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”ə olan borcunun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi və bir dəfə rəsmi xədərdarlıq edilməsinə baxmayaraq onlar “ERA Electronics”ə olan borcunu 2 aydan çox müddətdir ki ödəməmişlər. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş etmişdir. Hazırda cavabdehlərin yuxarıdakı müqavilə üzrə müvafiq olaraq “ERA Electronics”ə olan borcu 51 manat əsas və 5 manat cərimə borcu olmaqla, cəmi 56 manat təşkil edir. Buna görə də iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, 21593 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan (“ERA Electronics”) Cavabdeh1 339 manat dəyərində olan məişət avadanlığını nisyə almış, bu məbləği 12 ay müddətinə, hər ay üçün 28 manat ödəmək şərti (sonuncu ay 31 manat) ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliklərinə Cavabdeh2 zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 21593 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı 51 manat əsas və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 51 manat əsas və 5 manat cərimə borcu olmaqla, cəmi 56 manat pul alınaraq İddiaçı verilməlidir. Digər cavabdehə qarşı tələbə gəldikdə məhkəmə hesab edir ki, iddia ona qarşı hissədə təmin edilə bilməz. Belə ki, əsas öhdəliyin təminatı kimi Cavabdeh2 kreditor qarşısında xx.xx.2020-ci il tarixdə zaminliklə bağlı öhdəlik götürmüş, kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, bununla belə, kreditor zaminə qarşı bir il ərzində xx.xx.2022-ci ilədək pul tələbi barədə iddia qaldırmamışdır. Buna görə də hazırki tələb üzrə Cavabdeh2 öhdəliyinə artıq xx.xx.2022-ci ildə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 51 manat əsas və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 56 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat pul tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5045/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5045/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver