Məhkəmə qərarları › İş №e-2(012)-5060/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5060/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5060/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 42 manat əsas borc, 12 manat cərimə borcu, S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 379 manat əsas borc, 113 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 576 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefon almış, ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, nəticədə 570 manat borc yaranmışdır. Bundan başqa, cavabdeh S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 769 manat olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 769 manat borc yaranmışdır. Cavabdeh tərəfindən S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 48 manat, S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 65 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilələrin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 600 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefon üçün 42 manat əsas borc, 12 manat cərimə borcu, alqı-satqı qiyməti 769 manat olan “Samsung Galaxy A7” markalı telefon üçün 379 manat əsas borc, 113 manat cərimə borcu yaranmışdır. Qeyd edilən müqavilələrə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi alıcı tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan S18K556059 saylı, xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 600 manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı mobil telefon satılmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, “alıcı” ümumi dəyərin 30 manat hissəsini dərhal “satıcıya” ödəyir, qalan 570 manat pulu isə 12 ay müddətinə aylıq 48 (sonuncu ay 42) manat olaraq ödəmələrlə həyata keçirir. İş materiallarında olan S18K557455 saylı, xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 769 manat olan 1 ədəd “Nokia” markalı mobil telefon satılmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, “alıcı” ümumi dəyəri, yəni 769 manat pulu 12 ay müddətinə aylıq 65 (sonuncu ay 54) manat olaraq ödəmələrlə həyata keçirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S18K556059 saylı müqaviləyə əsasən 42 manat əsas borc, 12 manat cərimə borcu, S18K557455 saylı müqaviləyə əsasən 379 manat əsas borc, 113 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli iki alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilələr üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 12 manat cərimə azaldılmalı və 3 manat müəyyən edilməli, S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 113 manat cərimə azaldılmalı və 16 manat müəyyən edilməlidir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh iddiaçının xeyrinə 42 manat əsas borc, 3 manat cərimə borcu, S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 379 manat əsas borc, 16 manat cərimə borcu olmaqla, cəmi 440 manat məbləğində pul tutulmalıdır. Həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh S18K556059 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 42 manat əsas borc, 3 manat cərimə borcu, S18K557455 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 379 manat əsas borc, 16 manat cərimə borcu olmaqla, cəmi 440 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar