Məhkəmə qərarları › İş №e-2(012)-509/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-509/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-509/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təhvil alınmış malın dəyəri olan 849,99 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, ümumilikdə 879,99 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh tərəfindən təhvil alınmış 849,99 manat məbləğində malın dəyəri və 30 manat dövlət rüsumu ilə yanaşı, 10,60 manat məbləğində daşıma və məhkəmə xərclərinin də cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən ümumi dəyəri 849,99 manat olan mal (paltaryuyan maşın) albalı kart vasitəsilə nağd qaydada almışdır. Ödənişin həyata keçirilməsinə baxmayaraq cavabdeh elə həmin gün sifarişdən imtina edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. İddiaçı da cavabdehin bu tələbini icra edərək xx.xx.2022-ci il tarixdə həmin məbləği cavabdehin hesabına köçürmüşdür. Lakin iddiaçıya məxsus anbarda yaranmış anlaşılmazlıq səbəbindən anbar əməkdaşları sifarişin ləğvindən xəbərdar olmamış və sözügedən malı xx.xx.2022-ci il tarixdə cavabdehin qeyd etdiyi ünvana çatdırmışlar. Cavabdeh də həmin malı təslim almışdır. Malı qəbul etdiyi üçün həmin mala görə ödənişin edilməsi barədə cavabdehə dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Göstərilən pul vəsaitini ödəmədiyindən cavabdehə bildiriş göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmış mallar üçün 849,99 manat məbləğində pulun iddiaçıya ödənilməsi xahiş edilmişdir. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq qeyd edilən məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək bildirmişdir ki, dəfələrlə onun telefonuna Kontakt Home tərəfindən smslər göndərilərək, gəlib onlardan istədiyi məhsulu alıb dəyərini faizsiz və ilkin ödənişsiz məhsulu götürə biləcəyi deyilmişdir. Mağazada olanda ona yalnız 1 məhsulu faizsiz və ilkin ödənişsiz 24 aya ala biləcəyi bildirilmişdir. O, paltaryuyanı nağd almış və soyuducu üçün kredit şöbəsinə yaxınlaşmışdır. Ondan 3 mobil nömrə, ev ünvanı, ev telefonu, şəxsiyyət vəsiqəsi, daha sonra isə qohumlardan 3 nəfərin ev telefonunu tələb etmişlər. O, bunun artıq olduğunu bildirib məhsuldan imtina etmişdir. X4 yeni açılandan bəri o, mağazanın müştərisi olmuş və heç vaxt gecikməsi olmamışdır. Çox vaxt məhsulları nağd almışdır. Ona gələn smsdə isə kompaniyanın yalnız ona özəl olduğu qeyd edilmişdir. Kontakt Home işçiləri də səhvən paltaryuyan maşını gətirmişlər və üstündən 3 ay keçəndən sonra ona zəng edib problemi bildirmişlər. O isə heç nəyi danmamış və pulun 24 aya faizsiz bölünməsini xahiş etmişdir. Bir müddət sonra ona bildiriş göndərmişlər. Odur ki, o, malın dəyərinin 24 aya bölünməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № YK-1***-******* saylı təhvil-təslim aktından görünür ki, “Kontakt Home” mağazası ("xxxx" MMC) tərəfindən Samsung paltaryuyan WW65K52E69SDLP (gümüşü) məhsul Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci ildə “Kontakt Home” mağazasının hesabına ödənilmiş 219,99 manat məbləğində pul Paşa Bank vasitəsilə xx.xx.2022-ci ildə Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus“Kontakt Home” mağazalar şəbəkəsinin Sumqayıt filialından alınmış ümumi dəyəri 849,99 manat olan mal elə həmin tarixdə Cavabdeh təhvil verilmiş və şəxsən Cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin malın təhvil alınmasına baxmayaraq malın dəyəri ödənilməmişdir. Odur ki, qeyd olunanlara əsasən, şirkətə olan 849,99 manat məbləğində borcun 3 təqvim günü ərzində ödənilməsi Cavabdeh xahiş edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC-dən ümumi dəyəri 849,99 manat olan mal (paltaryuyan maşın) almışdır. Ödənişin həyata keçirilməsinə baxmayaraq cavabdeh elə həmin gün sifarişdən imtina edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. İddiaçı "xxxx" MMC cavabdehin tələbini icra edərək xx.xx.2022-ci il tarixdə həmin məbləği cavabdehin hesabına köçürmüşdür. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № YK-1***-******* saylı təhvil-təslim aktından göründüyü kimi “Kontakt Home” mağazası ("xxxx" MMC) tərəfindən Samsung paltaryuyan WW65K52E69SDLP (gümüşü) məhsul Cavabdeh təhvil verilmişdir. Malı qəbul etdiyi üçün həmin mala görə ödənişin edilməsi barədə cavabdehə dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Odur ki, ödədiyi məbləğ cavabdehə qaytarıldığından və hazırda sözügedən məhsul cavabdehdə olduğundan məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təhvil alınmış malın dəyəri olan 849,99 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə iddiaçı şirkət tərəfindən 10,60 manat məbləğində daşıma və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məhkəməyə sübutlar edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təhvil alınmış malın dəyəri olan 849,99 manat pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 879,99 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar