Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5222/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səmədova (Əbilova) Mina Yaşar qızı tərəfindən “Kooperativ mənzilin tikilməsinə dair” 12 noyabr 2017-ci il tarixli 00073 saylı müqavilə üzrə cavabdeh "xxxx" MTK-ya ödənilmiş 42650 manat, habelə həmin məbləğin gecikdirilməsi nəticəsində 5% nəzərə alınmaqla 3865,76 manat məbləğində vəsaitin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MTK ilə 12 noyabr 2017-ci il tarixdə “Kooperativ mənzilin tikilməsinə dair” 00073 saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən bu müqaviləyə əsasən alıcı kooperativə ortaq üzvü qəbul olunaraq, özünün vəsaiti hesabına kooperativə məxsus olan və onun tikdiyi yaşayış binasında mənzil tikməyi kooperativə həvalə edir. Kooperativ ona məxsus olan və özünün tikdiyi yaşayış binasında alıcının vəsaiti hesabına onun üçün mənzil tikib, ona təhvil verməyi öz öhdəsinə götürür. Kooperativ çoxmənzilli evlərin inşası üçün istifadədə olan Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən və özünün istifadəsində olan torpaq sahəsində tikdiyi və ona məxsus olan yaşayış binasında alıcıya mənzil verir. Kooperativ tərəfindən alıcıya verilən 03 saylı binanın 22 saylı mənzili 2 otaqdan ibarət olmaqla 4-cü mərtəbədə yerləşir. Mənzilin ümumi sahəsi 85.3 kvadrat metrdir. MTK tərəfindən alıcıya verilən mənzilin ümumi sahəsinin hər bir kvadrat metrinin qiyməti 500 manat dəyərindədir. Kooperativ tərəfindən alıcıya verilən sahəsi 85.3 kvadrat metr olan mənzilin ümumi qiyməti 42650 manat dəyərindədir. Mənzilin alıcıya təhvil verilməsi müddəti 4 il təşkil edir. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 00073 saylı müqaviləyə əsasən – 3 saylı binanın, 22 saylı mənzilin 4-cü mərtəbəsində yerləşən (85.3 kv.m) yaşayış sahəsinin dəyəri alıcı X1 tərəfindən 42650 manat "xxxx" MTK-nın hesabına tam ödənilmişdir. Hazırki iş üzrə alıcı kimi İddiaçı müqavilədə nəzərdə tutulmuş və öhdəsinə götürdüyü bütün şərtlərə əməl etmişdir. İddiaçı öhdəliyini tam şəkildə yerinə yetirmiş, ona maliyyə arayışı təqdim edilmişdir. Keçən müddət ərzində "xxxx" MTK-ya müraciət edilsə də, hazırki mərhələyə kimi mənzilin tikintisi həyata keçirilməməklə bərabər onun tərəfindən ödənilmiş mənzilin dəyəri olan 42650 manat pulunu geri ala bilməmişdir. Hazırki mərhələdə iddiaçı tərəfindən həmin mənzilin tikilməsinə dair inam qalmamaqla bərabər, sifarişə maraq itdiyindən ödənilmiş pulun əvəzinin dəyəri tələb edilir ki, bu zaman əlavə olaraq keçən müddət ərzində pul vəsaitinin qaytarılmaması faktiki olaraq iddiaçının öz mülkiyyətində olan vəsaitindən məhrum olmaqla xarakterizə olunmaqdadır. Nəzərə alınsa ki, müqavilənin imzalanmasından 6 il müddət keçmiş, keçən müddət ərzində cavabdeh kooperativ tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər, ümumiyyətlə icra edilməmiş və icra edilməsinə istiqamətlənmiş heç bir əməli addımın atılacağı da gözlənilməməkdir ki, iddiaçı müqavilənin icrasına marağını itirmişdir. İddiaçı icraya marağını itirdiyindən, habelə cavabdeh tərəfindən mənzilin tikilməsi üçün hərəkətsizlik nümayiş etdirildiyindən və gələcəkdə də icrası həyata keçirilməyəcəyindən iddiaçı onun tərəfindən ödənilmiş 42650 manat məbləğində vəsaitin geri qaytarılmasını tələb edir. Eyni zamanda müqavilə üzrə öhdəliklərinin icrasının son müddətinin 2021-ci il ilin 12 noyabr olduğunu nəzərə alaraq həmin tarixdən hazırki iddia ərizəsi tərtib edilən zamana kimi iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42650 manat vəsaitin qaytarılmaması səbəbindən Azərbaycan Respublikası Mərkəzi Bankının 5 %-lik uçot dərəcəsi əsasında 3865,76 manat pul vəsaitini geri tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndə göndərməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - X1 ilə "xxxx" MTK arasında 12 noyabr 2017-ci il tarixdə bağlanmış “Kooperativ mənzilin tikilməsinə dair” 00073 saylı müqavilədən görünür ki, alıcı kooperativə ortaq üzvü qəbul olunaraq, özünün vəsaiti hesabına kooperativə məxsus olan və onun tikdiyi yaşayış binasında mənzil tikməyi kooperativə həvalə edir, kooperativ ona məxsus olan və özünün tikdiyi yaşayış binasında alıcının vəsaiti hesabına onun üçün mənzil tikib, ona təhvil verməyi öz öhdəsinə götürür. Kooperativ çoxmənzilli evlərin inşası üçün istifadədə olan Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən və özünün istifadəsində olan torpaq sahəsində tikdiyi və ona məxsus olan yaşayış binasında alıcıya mənzil verir. Kooperativ tərəfindən alıcıya verilən 03 saylı binanın 22 saylı mənzili 2 otaqdan ibarət olmaqla 4-cü mərtəbədə yerləşir. Mənzilin ümumi sahəsi 85.3 kvadrat metrdir. MTK tərəfindən alıcıya verilən mənzilin ümumi sahəsinin hər bir kvadrat metrinin qiyməti 500 (beş yüz) manat dəyərindədir. Kooperativ tərəfindən alıcıya verilən sahəsi 85.3 kvadrat metr olan mənzilin ümumi qiyməti 42650 manat dəyərindədir. Mənzilin alıcıya təhvil verilməsi müddəti 4 il təşkil edir. - "xxxx" MTK-nın tərtib etdiyi maliyyə arayışından görünür ki, 12 noyabr 2017-ci il tarixli 00073 saylı müqaviləyə əsasən 3 saylı binanın, 22 saylı mənzilin 4-cü mərtəbəsində yerləşən (85.3 kv.m) yaşayış sahəsinin dəyəri olan 42650 manat pul alıcı X1 tərəfindən "xxxx" MTK-nın hesabına tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə görə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2., 447.2.1 və 447.2.2-ci maddələrinə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında podrat münasibətlərinin predmeti olmuş və iddiaçı tərəfindən verilən pul müqabilində MTK öz üzərinə mənzilin tikilib təhvil verilməsi öhdəliyini götürmüşdür. İşdə olan X1 ilə "xxxx" MTK arasında 12 noyabr 2017-ci il tarixdə bağlanmış “Kooperativ mənzilin tikilməsinə dair” 00073 saylı müqavilədən görünür ki, alıcı kooperativə ortaq üzvü qəbul olunaraq, özünün vəsaiti hesabına kooperativə məxsus olan və onun tikdiyi yaşayış binasında mənzil tikməyi kooperativə həvalə edir, kooperativ ona məxsus olan və özünün tikdiyi yaşayış binasında alıcının vəsaiti hesabına onun üçün mənzil tikib, 4 il müddət ərzində ona təhvil verməyi, kooperativ, çoxmənzilli evlərin inşası üçün istifadədə olan Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən və özünün istifadəsində olan torpaq sahəsində tikdiyi və ona məxsus olan yaşayış binasında alıcıya müvafiq ərazidə 3 saylı binada yerləşən 2 otaqlı 85,3 kv.metrlik 22 saylı mənzili verməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışı ilə təsdiq olunur ki, İddiaçı müqavilə üzrə 42650 manat ödənişi MTK-nın hesabına keçirmişdir. Müqavilənin bitmə müddətinin üzərindən 2 il müddət keçmiş, lakin öhdəlik cavabdeh MTK tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərinə əsasən, mənzil 4 il müddətinə iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da cavabdeh "xxxx" MTK tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımından iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 1 il 8 ay müddətinə iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 12 noyabr 2017-ci il tarixli 00073 saylı müqavilə üzrə ödənilmiş 42650 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, tərəflər arasında imzalanmış müqavilənin qüvvədə olma müddəti 12 noyabr 2021-ci ildir. Hazırki iddia isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Başqa sözlə, göstərilən zaman müddəti 653 gün təşkil edir. İddiaçı hazırda bu müddət ərzində əsas məbləğ qaytarılmadığından əldə çıxmış fayda kimi illik 5 % bank uçot dərəcəsi tətbiq edilməklə 3865,76 manat vəsaiti də tələb edir. Qeyd edildiyi kimi, MTK xx.xx.2021-ci ilədək mübahisəli mənzili iddiaçıya təhvil verməmiş, bu tarixdə onun mənzilə görə ödədiyi vəsaiti geri qaytarmamış, 42650 manat pulu qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmış, bununla da iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə istnad etməklə faiz tələb etmək hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 449-cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının bu tələbi də haqlıdır və təmin olunmalıdır. Bu baxımdan 42650 manat məbləğində pul vəsaitini özündə saxladığına və ondan faydalandığına görə 12 noyabr 2021-ci ildən 05 senyabr 2023-cü il tarixədək olan 653 günlük dövr üçün illik 5 faizlə hesablanmış faizlər qismində 3865,76 manat pul cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 229 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12 noyabr 2017-ci il tarixli 00073 saylı müqaviləyə əsasən cavabdeh "xxxx" MTK-ya iddiaçı Səmədova (Əbilova) Mina Yaşar qızı tərəfindən ödənilmiş 42650 manat pul vəsaiti, bu vəsaitdən faydalandığına görə 3865,76 manat pul və ödənilmiş 229 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5222/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5222/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver