Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-525/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat ziyanın və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakı – Quba yolunun 8-ci km-də “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Ekologiya YPX-in tərtib etdiyi xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1228 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobilə 3435 manat məbləğində, 1232 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobilə isə 6570 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021ci il tarixində 3283,36 manat məbləği zərərçəkmiş şəxs X3, 1716,64 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. O bildirdi ki, dəymiş zərər bu məbləğdə ola bilməz və həmin məbləğ şişirdilib. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin PXA 87107 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Avtomobillərə ümumilikdə 10005 (6570+3435) manat dəyərində ziyan dəymiş, 3283,36 manat sığorta ödənişinin məbləği avtomobillərin təmiri üçün X1, 1716,64 manat isə X2 hesabına köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, 3283,36 manat sığorta ödənişi X1, 1716,64 manat isə X2 hesabına "xxxx" ASC tərəfindən köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktlarından görünür ki, X3 məxsus “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobilə 3435 manat məbləğində, X4 məxsus “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobilə isə 6570 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2020-ci il tarixli PXA ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus olan “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə sığorta haqqı 75 manat, Bonus-Malus əmsalı 0.95 olmaqla, yekun sığorta haqqı 71,25 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşaraq onlara ziyan vurmuşdur. - İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərini pozduğuna görə 100 manat məbləğində cərimələnmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9126 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai İ30” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5150 manat, 2000-ci il buraxılışlı “Volkswagen Passat” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2945 manat müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən “BMW 318” markalı, ** UN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “HYUNDAİ İ30” markalı, ** FY *** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, ** MA *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşaraq onlara ziyan vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin tələblərini pozmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş, həmin ziyana görə ümumilikdə 5000 manat məbləğində pul xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 5000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın ümumi məbləği 8095 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş ziyanın əvəzi olaraq 5000 manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5000 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-525/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-525/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver