Məhkəmə qərarları › İş №e-2(012)-525/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-525/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-525/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1067 manat borcun tutularaq **********180 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə, xx.xx.2023-cü il tarixə 1067,09 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ona məxsus evdə xx.xx.2016-cı il tarixdə quraşdırılmış Abşeron-15 tipli, 687410 nömrəli, B815426 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş və xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, 14 saylı evin, 18 saylı mənzilni 2017-ci il tarixli daxili müqavilə əsasında X1. Evi satarkən evin çıxarışı olmamış və sayğac onun adından çıxarılmamışdır. Borc 2019-cu ildən yaranmışdır. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abonent kartından görünür ki, abonent kodu **********180 olan, ünvan 2 ünvanına xx.xx.2016-cı il tarixli, 34861114 saylı müqavilə əsasında xx.xx.2016-cı il tarixdə Abşeron- 15 tipli, 687410 nömrəli, B815426 plomb nömrəli sayğac quraşdırılmış və 1067,09 manat borc hesablanmışdır. -İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Satıcı "xxxx" Fərdi Firması ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək Abşeron Gənclər Şəhərciyində yüksək mərtəbəli binanın blok 14, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 69,5 kv.m-dən ibarət olan 2 otaqlı, 15 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən sahəsi 69,5 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 780 manat olmaqla ümumi dəyəri 54210 manat təşkil edir, payçı ilkin ödənişi etdikdən sonra, hər ay 301,17 manat olmaqla ödəniş etməli, kreditin müddəti isə 180 ay müəyyən edilmişdir. -xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli əlavə razılaşmadan görünür ki, bu razılaşmaya əsasən Satıcı "xxxx" Fərdi Firması ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 028 saylı müqaviləyə əsasən, yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ikinci tərəf bu razılaşma qüvvəyə mindiyi andan üçüncü tərəf X3 ötürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin: İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə Cavabdeh ilə xx.xx.2016-cı il tarixli, 34861114 nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus ünvan 2 ünvanına Abşeron-15 tipli, 687410 nömrəli, B815426 plomb nömrəli sayğac quraşdırılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 34861114 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən, cavabdeh həmin mənzili X2 olsa da, sayğac cavabdehin adından digər şəxsin adına keçirilməmişdir. Bu səbəbdən də, cavabdeh 2017-ci ildə həmin mənzildə yaşamasa da, mənzilin su sayğacı onun adına olduğundan və öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 1067,09 manat borc yaranmışdır. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı Cavabdeh İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərdən istifadə edilməsinə baxmayaraq, həmin xidmətlərin göstərilməsinə görə dəyərini tam və vaxtında ödəməməklə müqavilə öhdəliklərini pozmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 26-cı maddəsinə əsasən, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. Qanunun tələblərindən göründüyü kimi, istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi istiqamətində hazırki iş üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, ödənişi tam həcmdə ödəməməsi su təchizatının dayandırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 7.4. bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, abonent kartına əsasən, cavabdehin 1067,09 manat borcunun yaranması müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə su təchizatı və tullantı sularının axıdılmasına görə 1067,09 manat pul vəsaiti tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, ərizənin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 1067,09 (min altmış yeddi manat doqquz qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1097,09 (min doxsan yeddi manat doqquz qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar