Məhkəmə qərarları › İş №e-2(012)-5262/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5262/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5262/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2013-cü il tarixli 11008 saylı müqavilə üzrə 71 manat əsas, 21 manat cərimə olmaqla, cəmi 92 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 11008 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı və digər Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə 11008/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı 792 manat dəyərində mobil telefonun dəyərini 18 ay ərzində hər ay 40.67 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə cavabdeh müqavilələr rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə tam ödəniş etməmiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 20 manat ödəniş etmiş və müqavilənin şərtlərinə müvafiq olaraq bu günə kimi 71 manat əsas, 21 manat cərimə borcu yaranmışdır. Cavabdehlərə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə ediləcək pul cavabdeh tərəfindən verilmədiyi üçün dövriyyənin çoxaldılması mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, o, iddiaçı ilə müqavilə bağlamış, lakin həmin müqavilənin bağlanma tarixini xatırlamır. O, əvvəl vaxtlı-vaxtında kiçik bizneslə məşğul olduğu zaman pulunu ödəmişdir. Sonradan, həmin bizneslə məşğul ola bilməmiş, xəstəliklə əlaqədar işləməmiş, neçə illərdir ki, kirayədə yaşayır və pensiya məbləği kəsilmişdir. Yaşa görə 180 manat müavinət pulu alır. Sonuncu ödəniş tarixini xatırlamasa da, iddiaçının nümayəndələrinin telefon zəngi ilə ofislərinə gedərək ödəniş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, o, Cavabdeh2 rəfiqəsi və tanışı olaraq onun alqısatqı müqaviləsinə zamin dayanmışdır. İddiaçının 2013-cü ildə bağlanmış müqavilə üzrə borc məbləğinin artırılmaqla hazırda, məhkəməyə müraciət etməsi düzgün deyildir. O, altı ailə üzvünə baxmaqla 260 manat pul alır. Bu səbəbdən də, pulu ödəməyə maddi imkanı yoxdur. İddiaçı məhkəməyə ünvanladığı ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 11008 saylı müqavilədən görünür ki, cavabdeh 792 manat dəyərində olan aldığı əşyaya görə ilkin ödəniş olaraq 60 manat pul vəsaitini əvvəlcədən ödəmiş, qalıq qalan 732 manat pul vəsaitini 18 ay müddətində hər ayın 18-nə qədər ödəniş etməyi öhdəsinə götürmüşdür. -Satıcı İddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 11008/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, alıcı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində hər ay 40.67 manat, sonuncu ay isə 40.61 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -Satıcı İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə 71 manat əsas, 21 manat cərimə olmaqla, cəmi 92 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehlərə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Məhkəmənin sorğusuna əsasən, elektron məhkəmə informasiya sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli 11008 saylı hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 11008 saylı müqavilə üzrə xx.xx.2013-cü il tarixdə 60 manat, xx.xx.2013-cü il tarixdə 41 manat, xx.xx.2013-cü il tarixdə 41 manat, xx.xx.2013-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 38 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2014-cü il tarixdə 40 manat, xx.xx.2014-cü il tarixdə 41 manat, xx.xx.2016-cı il tarixdə 31 manat, xx.xx.2018-ci il tarixdə 40 manat və xx.xx.2020-ci il tarixdə 20 manat olmaqla ödəniş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında, Cavabdeh1 isə ünvan 2nvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 İddiaçı yuxarıda qeyd olunan müqavilələrə əsasən, dəyərini hissəhissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 iddiaçı qarşısında müqavilələr üzrə digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2013-cü il tarixli 11008 saylı müqavilə üzrə 71 manat əsas, 21 manat cərimə olmaqla, cəmi 92 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2013-cü il tarixli 11008 saylı müqavilə üzrə 71 (yetmiş bir) manat əsas, 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə, cəmi 92 (doxsan iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar