Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5285/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 22 və 26 saylı Notariat Ofislərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 22 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi JN-4464D saylı, 00500003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı 2024-cü ilin iyul ayında həmin torpaq sahəsinin çıxarışını almaq məqsidi ilə müvafiq ASAN Xidmətə yaxınlaşmış, lakin ASAN Xidmətdə ona şifahi olaraq həmin torpaq sahəsinin artıq ona məxsus olmadığını bildirmişlər. Bundan sonra, 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ünvanlanmış və məlum olmuşdur ki, həmin torpaq sahəsi guya bağışlama yolu ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Cavabdeh1 və onunla birlikdə daha iki nəfər şəxs 2016-cı ildə Rəfael Quliyevin yaşadığı sözügedən mübahisəli torpaq sahəsində yerləşən evə gələrək onu tam fərqli torpaq sahəsinə aparmış və başqa ərazidə yerləşən torpaq sahəsini göstərərək bu torpaq sahəsinin səhvən Rəfail Quliyevin adına qeydiyyata alındığını, həmin torpağın əslində Cavabdeh1 aid olmasını bildirmiş və nəticədə Rəfael Quliyevdən notariusda ona göstərdikləri torpaq sahəsinə dair heç bir iddiasının olmaması ilə bağlı ərizə verməsini təkidlə xahiş etmişlər. Rəfayıl Quliyev ona göstərilən torpaq sahəsinin onun yaşadığı ünvandan tam kənarda yerləşdiyi və ona aidiyyatı olmadığı üçün bununla razılaşmış və ərizəni notariusda hazır eləmələrini, ərizə hazır olduqda gəlib imza edəcəyini bildirmişdir. Cavabdeh1 və onunla gedən həmin iki şəxs ərizənin hazır olduğunu, gedib imzalamalı olduğunu Rəfayıl Quliyevə bildirmiş və onu da götürərək notariat kontoruna getmişlər. Bu zaman Rəfayıl Quliyevin eynəyi evdə qaldığı üçün həmin sənədi oxumadan onların dediklərinə inanaraq imzalamışdır. Rəfayıl Quliyev həmin torpaq sahəsinin ilk və son mülkiyyətçisidir. Həmin torpaq sahəsinin abadlaşması, bağ halına gətirilməsi üçün uzun illər əziyyət çəkmişdir. Həmin torpaq sahəsi Rəfayıl Əliyevin mülkiyyətinə verildiyi gündən etibarən və hazırda da onun istifadəsindədir. Bundan əlavə, ömrünün illərini həmin torpaq sahəsinin bağ halına gəlməsi üçün sərf etmiş bir nəfərin həmin bağı tanımadığı, heç vaxt görmədiyi yad bir nəfərə bağışlaması absurddur, belə halın olması mümkün deyil. Rəfayıl Quliyevin hazırda yaşadığı ev həmin torpaq sahəsində yerləşir. Bu torpaq sahəsində istifadə olunmuş işıq, qaz və s. üçün pullar Rəfayıl Quliyev tərəfindən ödənilmişdir. Qanunun tələbinə əsasən Rəfayıl Əliyev tərəfindən həmin mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 bağışlanmayıb, onların arasında heç bir bağışlama müqaviləsi tərtib olunmayıb. Rəfayıl Quliyevi aldadaraq ona Cavabdeh1 və digər iki nəfər tərəfindən imzalatdırılmış sənəd ərizədir. Lakin həmin ərizəni qanunsuz və əsassız olaraq bağışlama müqaviləsi kimi qəbul etmiş reyestr xidməti həmin ərizə əsasında Rəfayıl Quliyevin mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 adına rəsmiləşdirmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavaba əsasən məlum olmuşdur ki, X4 ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağışlama müqaviləsi bağlanmışdır. Bakı şəhəri 22 saylı notariat kontorundan müvafiq sənədləri əldə etmək mümkün olmamışdır. Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təstiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi saxtadır, həmin müqavilənin tərtibatından və məzmunundan Rəfayıl Əliyevin məlumatı olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1120 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Digər cavabdehlər Bakı şəhəri 22 və 26 saylı Notariat Ofisləri, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması barədə 483110 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini X6 bağışlamışdır. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən X5 adına qeydə alınmışdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2476/2023 saylı qərarından görünür ki, iddia təmin edilərək, ünvan 3nə dair X5 adına verilmiş RX ******* saylı reyestrdən çıxarış üzrə yüklülük haqqında arayışın verilməsi öhdəliyi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2505/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı DƏDRX-ə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3nə dair hüquqlarını X6 vermişdir. İşdə olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi JN-4464D saylı 00500003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2016cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-c ı il tarixli bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-186 reyestr nömrəli, xx.xx.2020-ci ıl tarixli bağışlanma müqaviləsi əsasında 5479 saylı bağ sahəsi 04 09.2020ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat ofisindən daxil olmuş xx.xx.2020-ci il tarixli 383 nömrəli məktubda Cavabdeh1 ilə X7 arasında 4Ə-186 reyestr nömrəsi ilə qeyd olunmuş bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyi, lakin həmin çıxarışın əldə edilməsi şübhə yaratdığından və texniki pasportun üzərində qeyd edilmiş müqavilə elektron notariat sistemində aşkar edilmədiyindən Cavabdeh1 adına verilmiş çıxarışın özünə qaytarılması və bağışlanma müqaviləsinin ləğv edildiyi bildirilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 4Ə-1120 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ləhiş bağ sahəsi, 5479 saylı bağ sahəsi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Baxılan iş üzrə iddia tələbi əqdin etibarsız sayılması, ondan sonra rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X12rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X10 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi göstərmişdir ki, bağışlama müqaviləsini imzalayan zaman ona başqa əmlakla bağlı ərizənin yazılması barədə informasiya verilmiş, notariat ofisinə gedərkən eynəyini evdə unutmuş, beləliklə əqdin məzmun və mahiyyətindən xəbəri olmadan onu imzalamışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2-ci maddələri). Mülki Məcəllənin: 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini 2016cı ildə cavabdehə bağışlayarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərin pozulması halı baş verməmişdir. İddiaçı onun əqd barədə aldadılması, vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdi imzalamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan İddiaçı DƏDRX-ə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizə iddia tələbindəki dəlilləri tamamilə təkzib edir, belə ki, bu ərizədən görünür ki, iddiaçı ünvan 3nə dair hüquqlarını Cavabdeh1 vermişdir, yəni iddiaçı 2022-ci ildə də mübahisəli əmlakda heç bir hüququnun qalmadığını notarial qaydada təsdiq edilmiş ərizə ilə etiraf etmişdir. Belə olan halda, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas tapmır. Tərəflər arasında bağlanmış əqd qanuni olduğundan məhkəmə ondan sonra imzalanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi edilməsi üçün də heç bir əsas tapmır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən təmin edilməməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər tərtib və təsdiq edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən bağışlama müqaviləsinin etibarsızlığından, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X6 və Bakı şəhəri 22 və 26 saylı Notariat Ofislərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X6 və Bakı şəhəri 22 və 26 saylı Notariat Ofislərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5285/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5285/2024
16.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver