Məhkəmə qərarları › İş №e-2(012)-540/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-540/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-540/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 957 manat əsas, 316 manat cərimə olmaqla, cəmi 1273 manat borc və 32.73 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqaviləyə əsasən, 2 ədəd 140 manat dəyərində yuxu döşək 900*2000, 1 ədəd 262 manat dəyərində Busə TV altı, 1 ədəd 311 manat dəyərində Roma dəhliz dolabı, 1 ədəd 220 manat dəyərində Versace gənc komputer masası, 1 ədəd 641 manat dəyərində Mələk ikimərtəbə çarpayı, 1 ədəd 447 manat dəyərində Qala dolab üçqapı siyirmə olmaqla, ümumi dəyəri 2161 manat təşkil edən mebel dəstini təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş edilməmişdir. Almış olduğu məhsul üçün 11 ay müddətinə hər ay 180 manat və sonuncu 1 ay isə 181 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin növbəti ödəniş vaxtı xx.xx.2023-cü il tarix olmasına baxmayaraq, cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 957 manat əsas borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 180 manat (sonuncu ay 181 manat) ödəniş etməklə 2 ədəd yuxu döşək 900*2000, 1 ədəd Busə TV altı, 1 ədəd Roma dəhliz dolabı, 1 ədəd Versace gənc komputer masası, 1 ədəd Mələk ikimərtəbə çarpayı, 1 ədəd Qala dolab üçqapı siyirmə almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, alıcının müqaviləyə əsasən, 957 manat əsas, 316 manat cərimə olmaqla, cəmi 1273 manat borcu yaranmışdır. -Təhvil-təslim aktından görünür ki, alıcı müqaviləyə əsasən əşyaları "xxxx" MMC-dən tam qüsursuz şəkildə təhvil almışdır. -İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqaviləyə əsasən, müqavilə üzrə qiyməti müəyyən edilmiş əşyalar almış və həmin əşyaların dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini icra etmədiyindən iddiaçı qarşısında 957 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Göstərilənlərə əsasən, məhkəmə bağlanmış xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqavilə üzrə 957 manat ödənilməmiş əsas borca hesablanmış 316 manat cərimənin azaldılaraq 30 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 32.73 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqavilə üzrə 957 manat əsas, 30 manat cərimə olmaqla, cəmi 987 manat borc və ödənilmiş 32.73 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, WPT004 saylı müqavilə üzrə 957 (doqquz yüz əlli yeddi) manat əsas, 30 (otuz) manat cərimə olmaqla, cəmi 987 (doqquz yüz səksən yeddi) manat borc və ödənilmiş 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar