Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-542/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ARDNŞ Qaz İxrac İdarəsi Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yarımtikili fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 23 metr məsafədə qanunsuz yarımtikili fərdi yaşayış evi tikdirmişdir. Abşeron Magistral X4 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində Abşeron rayonu, 28 May qəsəbəsi ərazisində 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərinin 23 metrliyində qanunsuz olaraq yarımtikili fərdi yaşayış evi tikdirməsi barədə akt tərtib edilmişdir. Abşeron rayonu, 28 May qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yarımtikili fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh həmin xəbərdarlıq məktubunu qəbul etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Qaz İxrac” İdarəsi Abşeron Magistral X4 istismarında olan «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Abşeron rayonu, 28 may qəsəbəsi ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş 100,40 manat dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edib məhkəmədən onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, hasarın sökülməsinə razıdır, lakin yaşayış evi çoxdan inşa edildiyindən onun sökülməsini qəbul etmir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 mütəxəssisinin mübahisə ilə bağlı tərtib etdiyi rəyi müdafiə etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 23 metr məsafədə Cavabdeh qanunsuz yarımtikilifərdi yaşayış evi tikdirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 23 metr məsafədə eni və uzunluğu 9 metr olan qanunsuz yarımtikili-fərdi yaşayış evini ləğv edərək kəmərdən 50 metr aralıda inşa edilməsi barədə xəbərdar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2/3875/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, ARDNŞ “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasının qərb istiqamətində digər şəxs tərəfindən inşa edilən tikili (yaşayış evi) ilə qaz kəmərinin ara məsafəsinin 20 metr təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3195 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2/3875/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasının qərb istiqamətində digər şəxs tərəfindən inşa edilən tikili (yaşayış evi) ilə qaz kəmərinin ara məsafəsinin 20 metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yarımtikili fərdi yaşayış evinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edir. Bu zaman İdarə onun işçiləri tərəfindən tərtib edilmiş məlum akta istinad etmişdir. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magustral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, 28 May qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasının qərb istiqamətində digər şəxs tərəfindən inşa edilən tikili (yaşayış evi) ilə qaz kəmərinin ara məsafəsi 20 metr təşkil edir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Qeyd edildiyi kimi, mübahisələndirilən ərazidə, kəmərin mühafizə zonasında məhz cavabdeh tərəfindən qanunsuz tikili inşa edilməsi yalnız iddiaçının təqdim etdiyi aktla təsdiq edilir. Lakin daha mötəbər sənəd hesab edilən və mütəxəssis, habelə ekspert tədqiqatının nəticəsi olan rəylərlə bu tikilinin cavabdehə deyil, başqa şəxsə məxsus olması müəyyən olunur. Aparılmış tədqiqatla cavabdehin istifadəsində olan sahədə mühafizə zonasına düşən hər hansı tikilinin olmadığı müəyyən edilmişdir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı balansında olan kəmərin mühafizə zonasında tikilinin sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbi əsaslı şübhələrdən kənar deyil və onun iddia edildiyi qaydada təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd olardı. Odur ki, Cavabdeh qarşı qaldırılmış hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul ARDNŞ Qaz İxrac İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-542/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-542/2023
06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver