Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5476/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış və Cavabdeh tərəfindən idarə edilən İSUZU ECOBUS minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində ** BT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Mercedes Benz C180 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 260 manat ödəniş verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus İSUZU ECOBUS minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarından olan şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün 136 saylı yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh fiziki şəxs Rahim İsgəndərova məxsus İSUZU ECOBUS minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə icazə verilmişdir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli 4582904saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən İSUZU ECOBUS minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə ** BT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobil toqquşmuş, Cavabdeh İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, 1997-ci il buraxılışlı ** BT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobilə ümumilikdə 260 manat zərər dəymişdir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 260 manat məbləğində sığorta ödənişinin ** BT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobilin sahibi X3 (etibarnaməyə əsasən X5) ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq xx.xx.2022-ci il tarixli qəbz mülki işə əlavə edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İSUZU ECOBUS minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən X1 və X4 istismarında olan ** BT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobil toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə "xxxx" ASC tərəfindən ümumilikdə 260 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh sığorta ödənişi üçün 260 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 260 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5476/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5476/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver