Məhkəmə qərarları › İş №e-2(012)-5673/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5673/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5673/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 dekabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon üçün 118 (yüz on səkkiz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Apple MacBook Pro 13 notebook üçün 4476.8 (dörd min dörd yüz yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 1041.2 (min qırx bir manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 5670 manat borc, 76.7 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon, Apple MacBook Pro 13 notebook almış və nəticədə 5670 (beş min altı yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 354 (üç yüz əlli dörd) manat (12 ay x 29.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon üçün ümumilikdə 152 (yüz əlli iki) manat olmaqla, ondan, 118 (yüz on səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4926.8 (dörd min doqquz yüz iyirmi altı manat səksən qəpik) manat (18 ay x 248.9 manat + 446.6 manat ilkin ödəniş) olan Apple MacBook Pro 13 notebook üçün ümumilikdə 5518 (beş min beş yüz on səkkiz) manat olmaqla, ondan, 4476.8 (dörd min dörd yüz yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1041.2 (min qırx bir manat iyirmi qəpik) manat dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 686 manat təşkil edir. Cavabdeh ilə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22415165 saylı və xx.xx.2021-ci il tarixli, 23190239 saylı müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon, Apple MacBook Pro 13 notebook qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 118 (yüz on səkkiz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə, ümumilikdə 152 manat borcu və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 4476.8 (dörd min dörd yüz yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 1041.2 (min qırx bir manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 5518 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 76.7 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh öhdəliyinə 3 (üç) iş günü müddətində riayət edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış cərimələrin məbləği azaldılmalı və xx.xx.2021-ci il tarixli, 22415165 saylı kredit müqaviləsi üzrə 11 manat, xx.xx.2021-ci il tarixli, 23190239 saylı kredit müqaviləsi üzrə 104 manat olaraq müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22415165 saylı kredit müqaviləsinə əsasən, İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon üçün 118 (yüz on səkkiz) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə, ümumilikdə 129 (yüz iyirmi doqquz) manat, xx.xx.2021-ci il tarixli, 23190239 saylı kredit müqaviləsinə əsasən, 4476.8 (dörd min dörd yüz yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat dəbbə, ümumilikdə 4709,8 (dörd min yeddi yüz doqquz manat səksən qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən 76.70 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22415165 saylı kredit müqaviləsinə əsasən, İMEİ kodu **********51699 olan Samsung galaxy A02s markalı telefon üçün 118 (yüz on səkkiz) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə, ümumilikdə 129 (yüz iyirmi doqquz) manat, xx.xx.2021-ci il tarixli, 23190239 saylı kredit müqaviləsinə əsasən, 4476.8 (dörd min dörd yüz yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat dəbbə, ümumilikdə 4709,8 (dörd min yeddi yüz doqquz manat, səksən qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar