Məhkəmə qərarları › İş №e-2(012)-5850/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5850/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5850/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2899 manat əsas, 256,52 manat cərimə borcu, cəmi 3155,52 manat, həmçinin 51,56 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 fevral 2023-cü ildə bağlanmış 140470 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən 2899 manata nisyə 1 (bir) ədəd mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 241,58 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 03-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bününla bağlı cavabdehə borcün ödənilməsinə dair dəfələrlə ona məxsüs mobil və ev telefon nomrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 2899 manat əsas, həmin gün üçün hesablanmış 96,8 (241,58×1%=2,42×40gün=96,8) manat cərimə, 2995,8 manat ümümi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olünan borcu ödəməkdən yayınmış və nəticədə 2899 manat əsas, xx.xx.2023-cü il tarixədək hesablanmış 256,52 manat (241,58×1%=2,42×106gün=256,52) cərimə borcu, cəmi 3155,52 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 140470 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş etmədən, aylıq ödənişi 241,58 manat olmaqla, 12 ay müddətinə, 2899 manat dəyərində, 1 (bir) ədəd Samsung Galaxy S22 Ultra model mobil telefon almışdır. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 03 fevral 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh həmin tarixdə 1 (bir) ədəd Samsung Galaxy S22 Ultra model mobil telefonu "xxxx" MMCdən təhvil almışdır. - "xxxx" MMC-nin 17 iyun 2023-cü il 237 №-li maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 140470 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə qalıq borc 2899 manat, cərimə (hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1%-i) 256,52 manat, cəmi 3155,52 manat bocu vardır. - "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli 129 №-li Pretenziya bildirişinin (Xəbərdarlıq) surətindən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. - Kiçik mübahisələrə üzrə iddia ərizəsində Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 23 iyun 2023-cü il tarixdə 51,56 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 0,00 manat ilkin ödənişlə, aylıq ödənişi 241,58 manat olmaqla, 12 ay müddətinə, 2899 manat dəyərində mobil telefon almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyanı "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 256,52 manat miqdarında cərimə pulu 2899 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 29 manat saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" MMC tərəfindən 51,56 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 51,56 manat dövlət rüsumunun 3,72 manatı iddiaçıya, 47,84 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2899 manat əsas, 29 manat cərimə borcu, cəmi 2928 manat, həmçinin 47,84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 3,72 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2899 manat əsas, 29 manat cərimə borcu, cəmi 2928 manat, həmçinin 47,84 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,72 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar