Məhkəmə qərarları › İş №e-2(012)-594/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-594/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-594/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 1566,16 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında onun iştirakı və xəbəri olmadan Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq köhnə tipli MEX C4 MARKALİ **********5 saylı qaz sayğacı çıxarılaraq, yeni ZENNER G4T mexaniki ********** saylı sayğacı ilə əvəz olunmuşdur. Sonradan yenə də iddiaçının iştirakı və xəbəri olmadan Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2023-cü il tarixdə ******* saylı akt tərtib olunmuşdur. ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunacağı qeyd edilmişdir. Bu qeydə əsasən qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 12960 m3qazın sərfiyyatına dair puı məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Üçüncü dəfə Cavabdeh tərəfindən qaz sayğacının yoxlanılması barədə MSK- 14-2-2/3-5-4446/Q001 saylı akt tərtib olunmuşdur. ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən mobil nömrəyə SMS bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixədək 1566,16 manat məbləğində borc ödənilməlidir. Halbuki onun tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Onun tərəfindən vaxtı-vaxtında sərf edilmiş qazın dəyəri qismində pul ödənilmişdir. Əvvəlki illərlə müqayisədə də müəyyən olunur ki, ona əsassız olaraq bu borc hesablanmışdır. Tərtib olunmuş aktlar, onun nəticələri, eləcədə əsassız hesablanmış borcla razı deyil. Belə ki, sayğaclar dəyişdirilən zaman iddiaçının iştirakı olmadan dəyişdirilmişdir. Aktdan da görünür ki, köhnə sayğacın plombu üzərində olmuş, həmin plomb qaz idarəsinin əməkdaşları tərəfindən açılmışdır (qırılmışdır). Aktların tərtibində iştirak etməmişdir və tərtib edilən aktlardan məlumatsız olmuşdur. Daha sonra qaz idarəsinin əməkdaşları köhnə sayğaca müdaxilə olduğuna görə iddiaçıya SMS vasitəsilə cərimə hesablandığını bildirmişdir. Sayğaca hansısa müdaxilənin, deşiyin olmasının iddiaçının iştirakı olmadan tək vizual baxışla müəyyən edilməsi olduqca şübhəli məqamdır. Həmçinin hesab edir ki, belə bir müdaxilə varsa, o buna görə cavabdehlik daşımalı deyil, həm də bu müdaxiləyə elə qaz idarəsində də yol verilə bilər, bu cür hadisələrə tez-tez rast gəlinir. Sayğaca nəzarət etmək və sayğacı qorumaq vətəndaşın borcu deyil, sayğacın nəzarətdə saxlanılması Cavabdeh İB-nin məsuliyyətindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli akta əsasən ona hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı ünvan 1-ə (abonent kodu: **********0090) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qərara alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş eyni tarixli, ******* saylı akta əsasən abonent 12960 m3 təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1-ə aid abonent kodu **********0090 olan Abonentin saldosundan görünür ki, 30 aprel 2023-cü ildə qaz sərfiyyatı “12960 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 1555,20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1555,20 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus qaz sayğacına (abonent kodu: **********00090) dair xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar