Məhkəmə qərarları › İş №e-2(012)-6198/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6198/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6198/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1068 manat məbləğində əsas borc, hesablanmış dəbbə pulunun bir qismi olan 250 manat məbləğində pul olmaqla, ümumilikdə 1318 manat məbləğində borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 48,40 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* №-li alqı-satqı müqaviləsinə əsasən ona 1068 manat dəyərində 1 ədəd “Galanz AUS 12000 BTU” markalı kondisioner satılmış və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişi 89 manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 1068 manat təşkil etmiş və 324 gün gecikməsi olmuşdur. Müqavilənin 5.2.5-ci bəndində “Alıcı malın dəyərini ona təqdim edilmiş Ödəniş Cədvəlində göstərilən qaydada ödənilməsini 45 gündən artıq müddətə həyata keçirmədikdə Satıcı ödənişi tələb etmək, eyni zamanda malın geri götürülməsi hüququna malikdir” göstərilmişdir. Həmçinin eyni Müqavilənin 7.1-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş hər gün üçün 1.5% cərimə ödəyir” qeyd edilmişdir. Bundan başqa həmin Müqavilənin 7.2-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş müddət 45 gündən artıq olduqda Satıcı öz mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını Alıcıdan tələb edə bilər” bildirilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 1,5%-i məbləğində olmaqla 5190 manat məbləğində dəbbə pulu hesablanmışdır. Hesablanmış dəbbə pulunun 250 manat olan hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin ödəməli olduğu 1068 manat əsas borc və 250 manat dəbbə pulu olmaqla, ümumilikdə, 1318 manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 1068 manat dəyərində 1 ədəd “Galanz AUS 12000 BTU” markalı kondisioneri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli, 039/24 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 1068 manat məbləğində əsas borc, 250 manat məbləğində dəbbə pulu borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən hesablanmış 250 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 20 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 48,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1068 manat məbləğində əsas borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1088 manat borc və dövlət rüsumuna görə ödənilmiş 48,40 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar