Məhkəmə qərarları › İş №e-2(012)-6506/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6506/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6506/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əmələ gələn mübahisələr barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin müqavilə öhdəliyini yerinə yetirməməsi faktının qanunsuz hesab edilməsi və cavabdehin müqavilə üzrə öhdəliyini icra etməsi, yəni qaz, su və elektrik sayğaclarının quraşdırılaraq mənzilin tam təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə sadələşdirilmiş icraat qaydasında tam, obyektiv və hərtərəfli baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz haqqında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə saat 16:52-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-4-cü, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əmələ gələn mübahisələr barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əmələ gələn mübahisələr barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə dair 2(012)-6506/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz ilə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar