Məhkəmə qərarları › İş №e-2(012)-6677/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6677/2025

27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6677/2025 27.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 730.04 manat borcun (abonent kodu: **********120) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********120) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 730.04 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025cİ il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin ona qarşı 730.04 manat borcun ödənilməsi barədə iddiasının rədd edilməsi və ona sudan istifadə edilməsinə görə borc kimi yaranmış 730.04 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin ddia ərizəsi qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh ilə 2012-ci ildən başlayaraq su haqqının hesablanması ilə bağlı mübahisələri olmuşdur. İddiaçı cavabdehin baş idarəsinə dəfələrlə mürciət edərək sudan istifadə ilə bağlı qanunsuzluqlara yol verdiklərini bildirmişdir. Cavabdeh iddia ərizəsində borcun yaranma vaxtını göstərməmişdir. Halbuki 2012-ci ildən cavabdehə müraciət edərək sudan istufadə etməklə bağlı qanunsuzluğa yol verdiklərini bildirmişdir. Başqa sözlə, borcun yaranması 2012-ci ildən başlanmışdır. Halbuki sudan istifadəyə görə xidmət haqqı ödənilmədiyi təqdirdə abonentin suyu kəsilməlidir. İddia ərizəsindən görünür ki, yaranan borc həm sayğac quraşdırıldıqdan sonra həm də sayğac quraşdırlanadək yaranmışdır. Adambaşına sudan istifadə ilə bağlı bildirir ki, qeyd edilən mənzildə o tək yaşayır. İddia ərizəsindən belə başa düşülür ki, o gün ərzində 1 ton su istifadə etmişdir. Bu isə absürddür. Hər bir halda məhkəmə sudan istifadə üçün yaranmış borcun müdətini müəyyənləşdirərək iddia müddəti tətbiq etməlidir. Həm də qeyd edilən iddia üçün xüsusi müddət nəzərdə tutulmuşdur. Yəni bir ay ərzində su haqqı ödənilmədiyi təqdirdə sudan istifadə dayandırılmalı idi. Əgər vaxtında su haqqı ödənilmədiyi üçün sudan istifadə dayandırılsaydı, bu qədər borc da yaranmazdı. Bundan başqa o məcburi köçkündür. Məcburi köçkünlər sudan istifadəyə görə xiddət haqqı ödəməməlidir. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətndə ilkin iddia üzrə iddiaçı adlanacaq) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli borc qarşı tərəfin real debitor borcudur. Borc 2012-ci ildən yaranmışdır. 2017-2020-ci illər ərzində heç bir ödəniş edilməmiş, əsas borc 2017-ci ilin yanvar ayından yaranmışdır. 2021-ci ildən etibarən müəyyən ödənişlər edilmişdir. Sonuncu dəfə dekabr ayında ödəniş edilmişdir. Dəfələrlə Cavabdeh xəbərdarlıq edilmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə edilmişdir. Cavabdeh məcburi köçkün olduğuna görə müəyyən qədər silinmə olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə 207 manat silinmə olmuşdur. Suyun tonu 1 manatdan hesablanır. 70 qəpik təmiz suyun, 30 qəpik isə tullantı suyun istifadəsinə görədir. Dəbbə pulu nəzərdə tutulmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra mətndə qarşılıqlı iddia üzrə iddiaçı adlanacaq) Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ilkin iddia tələbini isə qəbul etməyərək izahatında bildirmişdir ki, o 2012-ci ildən orada yaşamış, onlardan əvvəl həmin evdə yaşayanlar (ustalar) olduğuna görə həmin şəxslərin borcu onlara məxsus sayğaca yazılmışdır. Sadəcə artıq borc yazıldığına görə silinmə olmuşdur, məcburi köçkünlərin silinmiş borcu deyildir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən ona dəfələrlə artıq debitor borc yazılmış, o, PHŞ-nin əməkdaşlarına zəng etmiş, 2025-ci ilin yanvar ayında su sayğacı dəyişdirilmişdir. Hazırda borcunu inkar etmir, lakin nə qədər istifadə etmişsə, həmin məbləği ödəmək istəyir. Tərəfindən "xxxx" ASC-yə müəyyən ödənişlər edilmişdir. Sərf etdiyi suyun pulunu ödəməyə hazırdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Kodu **********120 olan abonent kartından görünür ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2025-ci il tarixə 730.04 manat borcu vardır. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 730.04 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yarandığı bildirilmiş və 7 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 1524 saylı arayışından görünür ki, məcburi köçkün düşmüş Əliyeva X1 qəsəbəsi, “Gənclər Şəhərciyi” məcburi köçkün qəsəbəsində yerləşən ev 10, mənzil 12 ünvanda müvəqqəti məskunlaşmışdır. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarında müəyyən olunmuşdur ki, Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 730.04 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanda ona məxsus mənzildə quraşdırılmış su sayğacının göstəricisinə uyğun olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının”: 4.1-ci bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.30 manat müəyyən edilmişdir. Qanunun tələblərindən göründüyü kimi, istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi istiqamətində Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, ödənişi tam həcmdə ödəməməsi su təchizatının dayandırılması ilə nəticələnmişdir. Odur ki, ödənilməmiş 730.04 manat borc pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində sudan istifadə edilməsinə görə borc kimi yaranmış 730.04 manat pulun silinməsini tələb etməsinə baxmayaraq, öz iddiasını bu hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunduğundan (məcburi köçkün olduğu üçün) ilkin iddia bu hissədə qismən təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 730.04 manat borc pul vəsaiti “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin xeyrinə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, eyni zamanda qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin iddia qismən təmin edilsin. Cavabdeh 730.04 manat borc pul vəsaiti tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin xeyrinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin özünə aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar