Məhkəmə qərarları › İş №e-2(012)-6777/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6777/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6777/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin İddiaçı MMC iddia tələbində ona məxsus olan “Otokar Kent LF12M CNG” markalı, 99JU303 dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş ziyana görə 45745 manat və 227,24 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsini xahiş etsə də iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı təşkilatın mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsi ilə toqquşmuş “Howo Yük” markalı, 99DO323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin mülkiyyətçisi, hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ona məxsus nəqliyyat vasitəsini etibarnamə əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vermiş, lakin yol-nəqliyyat hadisəsi zamanı “Howo Yük” markalı, 99DO323 dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh1 idarə etmiş və iş materiallarında olan Bakı şəhər DYPİ YNH baş inspektoru, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokoldan da göründüyü kimi Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı təşkilat iddia ərizəsində Cavabdeh3 cavabdeh kimi qeyd etməsinə baxmayaraq iddiaçıya məxsus “Otokar Kent LF12M CNG” markalı, 99JU303 dövlət qeydiyyat nişanlı avtobusa zərər vurulmasında Cavabdeh1 ilə yanaşı Cavabdeh3 təqsirli olmasına dəlalət edən halları əsaslandırmamış və iddia ərizəsinə sözügedən nəqliyyat vasitəsinə Cavabdeh3 tərəfindən ziyan vurulması faktını təsdiq edəcək hər hansı mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilmişdir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki iş üzrə İddiaçı MMC Cavabdeh3 və Cavabdeh1 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ****** saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Rzayev X2 MR, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün iddiaçı təşkilat iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə təqdim etsə də iddiaçıya məxsus “Otokar Kent LF12M CNG” markalı, 99JU303 dövlət qeydiyyat nişanlı avtobusa zərər vurulmasında Cavabdeh3 cavabdehlik daşımasına dəlalət edən hallar iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər ilə müəyyən edilməsi mümkün olmadığından, məhkəmə qeyd edir ki, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə Naxçıvan MR Şərur Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa, həmçinin ərazi aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü, 152.1.1-ci və 152.1.3-cü maddələrinə istinad edərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********58 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 227,24 manat məbləğində dövlət rüsumunu «ASAN ödəniş» sistemi vasitəsilə xx.xx.2024-cü ildə saat 11:15-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi 2(012)- 6777/2024 saylı mülki iş üzrə «ASAN ödəniş» sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli, **********58 nömrəli qəbzdən ödəmiş olduğu 227,24 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar