Məhkəmə qərarları › İş №e-2(012)-684/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-684/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-684/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləğ üzrə 5120 manat məbləğində borcun, 512 manat cərimənin və 76,32 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 4894 manat məbləğində əsas borcun, 512 manat məbləğində cərimə borcunun və ödənilmiş 76,32 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 4834 manat məbləğində əsas borcun, 512 manat məbləğində cərimə borcunun və ödənilmiş 76,32 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 7700 manat olmaqla mal almışdır. Həmin məbləğin 1500 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 6200 manatı xx.xx.2023-cü il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüş, lakin ödəməmişdir. Bu günə əsas məbləğ üzrə qalıq borc 4834 manat, cərimə borcu isə 512 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. “Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul edir. Belə ki, diş həkimliyi sahəsində işlədiyindən bununla bağlı İddiaçı MMC-dən təchizat götürmüşdür. İndi isə o, taksi fəaliyyəti ilə məşğuldur. Qeyd edir ki, o, 2 övladının saxlanması üçün aliment ödəyir və dəri xərçəngindən əziyyət çəkir. Yaranmış borcuna görə o, müəyyən məbləğdə ödəniş etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq o, iddiaçı şirkət tərəfindən ondan tələb edilən cərimə məbləğinin azaldılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı haqqında müqavilədən, həmin tarixli qiymətlərin razılaşma protokolundan və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə və X2 əsasən Cavabdeh ümumi dəyəri 7700 manat olan mal almış, qeyd edilən məbləğin 1500 manatını ilkin olaraq ödəmiş və qalıq məbləği, yəni 6200 manatı xx.xx.2023-cü il tarixli X1 qrafikə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 6200 manatdan 1366 manatını ödəsə də bu günə olan əsas məbləğ üzrə qalıq borcu 4834 manat, cərimə üzrə borcu 512 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən hesablanmış 512 manat cərimə pulu 10 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 76,32 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə 4834 manat məbləğində borc və 10 manat cərimə olmaqla, ümumilikdə, 4844 manat borc və ödənilmiş 76,32 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar