Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-692/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndələri X7 və X8, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 26 saylı notariat ofisinə və X9 qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında tərtib edilmiş 01 aprel 2012-ci il tarixində, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticəsi olan Cavabdeh2 adına qeydə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivindəki 5 saylı küçəsində 0,0289 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan 17 nömrəli fərdi yaşayış evinin boşaldılmaqla MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, direktor X3 şəxsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı qismində Cavabdeh1 arasında 01 aprel 2012-ci il tarixində, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə tərtib edilmişdir. Həmin müqavilənin predmeti Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında MMC-yə məxsus “AAAF Park” yaşayış massivindəki 5 saylı küçəsində yerləşən 0,0289 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan 17 nömrəli fərdi yaşayış evidir. Cavabdeh2 MMC-yə müraciət edərək, 5 saylı küçəsində 0,0289 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan 17 nömrəli fərdi yaşayış evini açıq bazardan aldığını və həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. MMC tərəfindən 01 aprel 2012-ci il tarixində A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinə, Cavabdeh1 **********965 nömrəli, 8i-16965 reyestr nömrəli ərizəsinə və 05/09İS/031630-22 nömrəli arayışa əsasən Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 5-ci küçə, 17 nömrəli ev Cavabdeh2 adına mülkiyyət hüququ qeydə alınmışdır. Belə ki, 01 oktyabr 2024-cü il tarixindən MMC-nin təsisçisi X1 əsasında aparılmış yoxlama nəticəsində 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin təsisçi tərəfindən ləğv edilməsi və ləğv olunma sənədlərinin Arxiv şöbəsinə yerləşdirilməməsi aşkar edilmişdir. Lakin sözügedən müqavilənin ləğv edilməsinə baxmayaraq müqavilənin əsli Cavabdeh1 qalmışdır. Cavabdeh1 xx.xx.2012-ci il tarixli, A/053 nömrəli müqavilə üzrə hüquqlarını itirdiyi halda sonradan mülkiyyət hüququ qeydə alınmış və evi Cavabdeh2 satmışdır. Arxiv məlumatları əvvəl natamam olduğuna görə müqavilənin qüvvədə olmaması müəyyən olunmamışdır. xx.xx.2012-ci il tarixli, A/053 nömrəli müqavilə üzrə daşınmaz əmlak Cavabdeh1 adına əmlak dəyəri ödənilmədən qeydə alınmışdır. Buna səbəb isə Cavabdeh1 idmançı X4 qardaşı olmasıdır. Belə ki, sözügedən daşınmaz əmlak Turan Mirzəyevin adına idman fəaliyyətinə görə təsisçi Tofiq Heydərov tərəfindən qeydə alınmış və sonradan ləğv edilmişdir. Hesab edirlər ki, direktor X3 şəxsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 aprel 2012-ci il tarixində A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticələri ləğv edilməlidir. Qeyd edir ki, mübahisənin kökü Cavabdeh1 ilə bağlanmış müqavilədən başlayır. Hazırki iş üzrə digər cavabdehlərin cəlb edilməsinin səbəbi bunun törəmə münasibətlərdən irəli gəlməsidir. X13 Cavabdeh1 ilə 01 aprel 2012-ci il tarixdə müqavilə bağlanmış, daha sonra mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə aparılmış yoxlamalar zamanı Cavabdeh1 adına olan müqavilənin ləğv edildiyi müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh1 qardaşı idmançı olduğu və idmanda nailiyyətlər əldə etdiyi üçün mənzil verilmişdir. Lakin sonralar idmançılar dopinqdən istifadə etdiyindən idmançı barəsində cinayət işi açılmış, bu səbəbdən MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Mənzili və torpaq sahəsini 2015-ci il tarixli müqavilə ilə Pərviz Məsimova satmışdır. Qeyd edir ki, MMC-lərdə torpaq sahəsi və mənzil reyestr üzrə bir yerdə satılır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Pərviz Məsimov tərəfindən hazırda mübahisə predmeti olan daşınmaz əmlak mübahisələndirilmiş və onlar da üçüncü şəxs kimi işə cəlb edilmişdirlər. X20 ilə aralarında danışıqlar aparırlar. Digər cavabdeh olan Cavabdeh2 isə vaxtilə evi Cavabdeh1 almış və daşınmaz əmlakın pulunu Cavabdeh1 ödəmişdir. Cavabdeh2 evi alan şəxsdir, sonuncu alıcı olaraq ev üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarışı vardır və həmin evdə yaşayır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X15 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan mənzilin vaxtilə Cavabdeh1 əvəzsiz verildiyini, maliyyə arayışının mövcud olmamasının mənzilin əvəzsiz olaraq verildiyini və əslində bağışlama müqaviləsinin bağlandığını göstərdiyini, Cavabdeh1 ilə bağlanmış müqavilənin başqa əqdi pərdələdiyini qeyd etdi və iddia tələbi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə əsasında tam dəyəri 70000 manat məbləğində pul vəsaiti ödənilməklə əldə etmişdir. Bu hal həmin müqavilənin 2.1-ci bəndində “Tam ödənilmişdir” sözü ilə təsdiq edilmişdir və eyni ilə X5 orada iştirakı təsdiq olunur. Lakin iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 maliyyə arayışı verilməmişdir. 2012-ci il tarixdən bu günə kimi, yəni 12 il ərzində iddiaçı tərəfindən həmin daşınmaz əmlakla bağlı hər hansı bir müraciət olmamışdır. Daha sonra 2022-ci ilin təxminən oktyabr ayında Cavabdeh1 həmin daşınmaz əmlakı iddiaçının iştirakı və köməyi ilə Cavabdeh2 110000 manat pul məbləğinə alqısatqını həyata keçirmişdir. Eyni ilə 2022-ci il tarixdən bu günə kimi, yəni 2 il ərzində iddiaçı tərəfindən həmin daşınmaz əmlakla bağlı hər hansı bir müraciət olmamışdır. Belə olan halda iddiaçı tərəfindən Cavabdeh1 və digər cavabdehlərə qarşı irəli sürmüş iddia tələbi gözlənilməz və mənası başa düşülməz olmuşdur. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, guya həmin daşınmaz əmlakla bağlı müqavilə ləğv edilmiş, Cavabdeh1 həmin müqavilə üzrə hüquqlarını itirdiyi halda sonradan mülkiyyət hüququ qeydə alınmış Cavabdeh2 satmış, həmin müqavilə üzrə daşınmaz əmlak Cavabdeh1 adına əmlak dəyəri ödənilmədən qeydə alınmış və 01 aprel 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticələri ləğv edilməlidir. Lakin iddiaçı tərəfindən qeyd olunanlar həqiqətə uyğun deyildir və bu halları yuxarıda qeyd olunan hallar təsdiq edir. Eyni ilə həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Müqaviləyə xitam verilməsi ilə bağlı məsələ barədə qeyd edir ki, bu məsələ hüquqi əsaslar olmaqla tərəflərin ya razılığı ilə, ya da məhkəmə qaydasında vaxtında həll edilməli idi. Qeyd olunanlara əsasən müəyyən etmək olar ki, hazırki mübahisəli əmlakla bağlı tərtib edilmiş müqavilə nə ləğv olunmuş, nə də etibarsız hesab olunması üçün məhkəmədə əsaslar müəyyən olunmuşdur. Belə olan halda hesab edirlər ki, hazırki iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Bundan başqa 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 3.1.1.7-ci bəndinə əsasən alıcı 2 ay ödəniş etmədikdə yazılı xəbərdarlıq edildikdən sonra müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ var idi, lakin iddiaçı həmin hüquqdan vaxtında istifadə etməmişdir. Bu hal bir daha onu təsdiq edir ki, həmin müqavilə üzrə Cavabdeh1 tərəfindən mübahisəli yaşayış sahəsinə görə ödəniş tam şəkildə həyata keçirilmişdir. Bundan başqa 01 aprel 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə bağlı iddia müddəti keçmişdir və bununla məhkəməyə ərizə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Beləliklə, 01 aprel 2012-ci il tarixdə, A/053 nömrəli, torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə tərtib olunduğu gündən bu günədək on iki il keçib. Halbuki, qanunvericiliyin tələbinə görə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bu səbəbdən hesab edirlər ki, iddiaçının bu iddia tələbinə baxıla bilməz və məhkəmə iddiadan imtina barəsində qərar çıxarmalıdır. Əlavə olaraq bildirir ki, Cavabdeh1 adına torpaq sahəsindən imtina etməsi barədə 2022-ci il tarixli ərizə vardır. Təxminən 3 sota yaxın torpaq sahəsi iddiaçı "xxxx" MMC-yə məxsus olduğundan cavabdeh sözügedən torpaq sahəsini iddiaçı şirkətdən, həmin torpaq sahəsində inşa edilmiş evi isə Cavabdeh1 almışdır. Bundan əlavə iddiaçı tərəf müqavilənin etibarsız hesab edilməsini tələb etsələr də məhkəmə iclasında iddiaçının nümayəndəsi sözügedən müqavilənin artıq birtərəfli qaydada ləğv edildiyini bildirmişdir. İkincisi isə iddiaçı şirkət xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsini xahiş etsə də Cavabdeh2 ilə "xxxx" MMC arasında torpaq sahəsinin alqısatqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Daha sonra isə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən üçüncü şəxs olan X9 2015-ci ildə satılmışdır. Qeyd edir ki, iddiaçı təşkilatın nümayəndəsinin əməlində cinayət tərkibi olduğu üçün onun barəsində xüsusi qərar çıxarılmasını istəyirlər, çünki bir torpaq sahəsi 2 nəfərə satılmışdır. Məhkəmə iclasına şahid qismində cəlb olunmuş Aqşin Mirzəyev ifadəsində ödənişlə bağlı maliyyə arayışı verilmədiyini və ödəniş edilməsinin müqavilədə qeyd olunduğunu qeyd etmiş və onun özünün də maliyyə arayışı olmadığını bildirmişdir. Cavabdeh1 sözügedən mənzil ilə bağlı xx.xx.2022-ci il tarixdə kommunal ödənişləri etməsi barədə qəbzi vardır. Hesab edir ki, iddiaçı şirkət tərəfindən Cavabdeh1 ilə aralarında bağlanmış müqaviləyə xitam verilməmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, o, mübahisə predmeti olan evi 2022-ci ildə 113000 manat pul müqabilində, həmin məbləği 20000 manat və 93000 manat şəkilində hissələrə bölərək, Cavabdeh1, evin yerləşdiyi torpaq sahəsini isə iddiaçı "xxxx" MMC-dən almışdır. Belə ki, o vaxtlar evin sahibi Cavabdeh1 olmuş, Cavabdeh1 onlara evin ona məxsus olduğunu göstərən müqaviləni göstərmişdir. Onunla "xxxx" MMC arasında torpaq sahəsi ilə bağlı 2022-ci ildə notariusda müqavilə bağlanmışdır. Evin dəyərinə görə pul ödənilməsinə dair sadəcə əl yazısı ilə yazılmış qəbz vardır. Qeyd edir ki, evin təmirinə 100000 manat məbləğində pul sərf etmişdirlər. Onun sözügedən evə mülkiyyət hüququnu təsdiq edən çıxarış da vardır və həmin çıxarışı 2023-cü ildə almışdır, həmçinin o, hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov məhkəməyə ərizə göndərərək, işin çox olması nəzərə alınmaqla məhkəmə iclasının notariat ofisinin nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, X11 2015-ci ildə sözügedən mənzili 135000 ABŞ dollarına iddiaçı "xxxx" MMC-dən almışdır. X21 iddiaçı şirkətdən iki mənzil almışdır. Onlardan biri həyət evi olmuş, daha sonra isə ev ondan alınmışdır. Daha sonra həyət evi sökülmüş və yerində bina tikilmiş, maliyyə böhranı ilə əlaqədar həmin mənzilin təmirini dayandırmışdırlar. Buna baxmayaraq Pərviz Məsimov evə mütəmadi olaraq gəlib-getmişdir, hətta mənzildə işləyən ustalara etiraz etmişdir. Pərviz Məsimov artıq 2023-cü ildə məhkəməyə müraciət etmiş, sonralar o, işə cəlb edilmişdir. Onlar torpaq sahəsi ilə bağlı bələdiyyə qurumlarına torpaq vergisini ödəmişdirlər. Əvvəllər vergi ödənişi barədə bildiriş Vüqar Cavadovun adına gəlmiş, daha sonra isə Cavabdeh1 adına gəlməyə başlamışdır. Qeyd edir ki, onlar evi almışdırlar və torpaq sahəsi iddiaçının adına olmuşdur. İddiaçı təşkilat onlara məxsus olan evi üçüncü şəxsə satmışdır. Halbuki ev öncə Cavabdeh1 adına rəsmləşdirilməli idi. Cavabdeh1 ilə "xxxx" MMC arasında danışıqlar olmuş, nəticədə torpaq sahəsi üçüncü şəxsə satılmışdır. Əsas iddianı qəbul edirlər, belə ki, mübahisə predmeti olan əmlak Pərviz Məsimovun evidir. Əmlakın sahəsinin kvadrat metrinə görə 1000 manat pul düşür və daşınmaz əmlakın sahəsi 213 kvadrat metrdir. Qeyd edir ki, başqa əqdi pərdələmək üçün bu mənzili 113000 manata satılmışdır. Onlar tərəfindən məhkəmədə 2023-cü ildə iddia qaldırılmışdır. X11 müqaviləni bağlayanda ev hazır vəziyyətdə olsa da təmirsiz olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, o, Cavabdeh1 kiçik qardaşıdır. Qardaşı 1994-cü ildən 2012-ci ilə qədər idman sahəsində nailiyyətlər əldə etmişdir. Onunla Cavabdeh1 70000 manat məbləğində pulu aparıb Tofiq Heydərova ofisində vermişdirlər. Qeyd edir ki, həmin vaxtlar evin dəyərini ödəyən şəxslərə maliyyə arayışı verilməmiş və müqavilədə pulun ödənildiyi qeyd olunmuşdur. Onun da müqaviləsində belə qaydada qeyd yazılmışdır. Tofiq Heydərov 2022-ci ildə onun evinə gələrək ona demişdir ki, “Sən çıx burdan, yoxsa sənin müqaviləni ləğv edəcəyəm”. Onun adına «AAAF Park»-da 2 torpaq və bir mənzil vardır və 70000 manat tam olaraq ödəniş edilmişdir. Onlar heç bir vergi ödənişi etməmişdirlər. «AAAF Park»-da hazırda onun və həyat yoldaşının adına müqavilələr vardır. Daşınmaz əmlak Cavabdeh2 alqı-satqı edildiyi zaman qardaşına da pul verilmişdir, lakin pulun məbləğini bilmir. Bildirir ki, əvvəl də bu mənzili almaq istəyən müştərilər olmuşdur, lakin notarial hərəkətlərin aparılması üçün 2500 manat ödənilməli olduğu üçün qalmışdır. İş materiallarında olan 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-Park» yaşayış massivindəki 5 saylı küçəsində yerləşən torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 17 №-li, 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan fərdi yaşayış evini alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində isə sözügedən torpaq sahəsinin və onun həyətindəki fərdi yaşayış evinin dəyərinin (qiymətinin) tam olaraq ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 20 sentyabr 2015-ci il tarixli, A/0007 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-Park» yaşayış massivindəki 5 saylı küçəsində yerləşən 0,03 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 17 №-li, 3 otaqdan ibarət, 2 mərtəbəli, mansardsız, ümumi sahəsi 213 kv.metr olan fərdi yaşayış evini alıcı X2, alıcı X11 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində isə sözügedən torpaq sahəsinin və onun həyətindəki fərdi yaşayış evinin dəyərinin (qiymətinin) tam olaraq ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-yə məxsus, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivində yerləşən HE saylı küçədə inşa edilmiş 05 saylı yaşayış binasının 17 saylı mənzilinin kommunal borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 12 oktyabr 2022-ci il tarixli, 8İ-16965 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 müqavilə əsasında onun adına olan Xırdalan şəhəri, H.Əliyev prospektində, «AAAF-Park» yaşayış massivində 5 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.m olan 5 otaqlı, 17 nömrəli fərdi yaşayış evindən və paydan imtina etdiyini bildirmiş və onun MMC-nin üzvlüyündən azad edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmədiyini, gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0289 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisində satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC 4500 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0,0289 ha olan torpaq sahəsini tam hissədə alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0289 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 162,70 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci, 347.1-ci, 351-ci, 352-ci, 355.1-ci, 397.1-ci və 421.3-cü maddələrinə istinad edərək Cavabdeh1 ilə aralarında bağlanmış 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC və Cavabdeh1 arasında 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-Park» yaşayış massivindəki 5 saylı küçəsində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 17 №-li, 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan fərdi yaşayış evini alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür, eyni zamanda həmin müqavilənin 2.1-ci bəndində sözügedən torpaq sahəsinin və onun həyətindəki fərdi yaşayış evinin dəyərinin tam olaraq ödənildiyi qeyd edilmişdir. Daha sonra Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 12 oktyabr 2022-ci il tarixli, 8İ-16965 reyestr nömrəli ərizəsinə əsasən müqavilə əsasında onun adına olan Xırdalan şəhəri, H.Əliyev prospektində, «AAAF-Park» yaşayış massivində 5 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.m olan 5 otaqlı, 17 nömrəli fərdi yaşayış evindən və paydan imtina etmişdir. İddiaçı "xxxx" MMC ilə digər Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı notariat ofisində 15 dekabr 2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC 4500 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0,0289 ha olan torpaq sahəsini tam hissədə Cavabdeh2 satmışdır və hazırda da sözügedən torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə Cavabdeh2 faktiki sahiblik edir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hazırki iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunur və məhkəmə hesab edir ki, iddiaçı şirkətin qeyd etdiyi hallar əqdin etibarsız sayılmasına əsas hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı müqaviləsinin etibarsız sayılması üçün istinad etdiyi hallar əqdlərin etibarsızlığını müəyyən edən iddia tələbinin hüquqi əsasları ilə uyğun gəlmir, yəni iddiaçı şirkətin istinad etdiyi hallar, iddia tələbinin hüquqi əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan başqa Cavabdeh1 vəkili-nümayəndəsinin müqavilənin etibarsız hesab edilməsinə dair tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki,məhkəmədə iddiaçı tərəfin tələbinin istinad etdiyi hallarla bağlı sübutlar müəyyən edilmədiyndən iddia müddətinin tətbiqi barədə ərizənin müzakirə və tətbiq edilməsinə zərurəti də aradan qalxmışdır. Belə ki, 19 iyul 2024-cü il tarixli, kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsaitdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd etmişdir ki, “O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır”. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutlar əsasında iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2012-ci il tarixli, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, iddia tələbinin digər hissələri həmin hissədən birbaşa asılı olduğundan həmin hissələrə hüquqi qiymət verilməsi zərurətini də aradan qaldırmışdır. İddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 26 saylı notariat ofisinə və X9 qarşı iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında tərtib edilmiş 01 aprel 2012-ci il tarixində, A/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticəsi olan Cavabdeh2 adına qeydə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və MMCyə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivindəki 5 saylı küçəsində 0,0289 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş 5 otaqdan ibarət, 2 mərtəbəli, mansardlı, ümumi sahəsi 192 kv.metr olan 17 nömrəli fərdi yaşayış evinin boşaldılmaqla MMC-yə təhvil verilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-692/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-692/2025
22.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver