Məhkəmə qərarları › İş №e-2(012)-71/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-71/2024

22.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-71/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 oktyabr 2024-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində, qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən “22” metr məsafədə daş hasar və fərdi yaşayış evi tikdirmişdir. ”Abşeron” Magistral X3 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində 1020 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin “22” metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi tikdirməsi barədə akt tərtib edilmişdir. Sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Məhkəmə iclasında iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini,torpaq sahəsinin sənədlərinin olmadığını, tikilinin ona aid olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, həmin tarixdə 39T0392136; ******* koordinatları üzrə əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə 1000/700 mmlik “Qaradağ-Digah-Şimal ES” magistral qaz kəmərinin 27-ci km-də kəmərin 20 metr yaxınlığında daş hasar və tikili aşkarlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman Xırdalan şəhəri ərazisindən keçən “Qaradağ KS-Şimal Dres” (d1020 mm, yeraltı) qaz kəmərinin 22 metrlik mühafizə zonasında yerləşən torpaq sahəsi üzərində vətəndaş Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan təqribən 0,02 hektar torpaq sahəsində (39 T x-392132; y-4480755) fərdi yaşayış evinin tikilməsi və ərazinin mişar daşı ilə hasarlanması faktı təsdiqini tapmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1837 saylı ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1020 mm diametrli “Qaradağ KS- Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəməri ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında yerləşən hasara və köməkçi tikiliyə qədər məsafənin 12,3 metr, fərdi yaşayış evinə qədər məsafənin isə 24 metr olduğunu nəzərə alaraq, hasarın, köməkçi tikilinin və fərdi yaşayış evinin qaz kəmərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqla özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilmiş 1020 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəməri ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında yerləşən hasara və köməkçi tikiliyə qədər məsafənin 12,3 metr, fərdi yaşayış evinə qədər məsafənin isə 24 metr olduğunu nəzərə alaraq, hasarın, köməkçi tikilinin və fərdi yaşayış evinin qaz kəmərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Bununla da cavabdeh inşa etdiyi tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş “50 metr”dən az olan X4nin mühafizə zonasında X4nin mühafizə zonasında inşa etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020 mm diametrli “Qaradağ KS-Digah- Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində, qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi onun hesabına sökülməli, tikinti mal-materiallar qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edildiyinə görə, iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsinə ödənilməlidir. Eləcə də ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində, qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi onun hesabına sökülsün, tikinti mal-materiallar qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ARDNŞ-ın “Qaz İxrac” İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar