Məhkəmə qərarları › İş №e-2(012)-726/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-726/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-726/2023 01.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə görə 4 ədəd DİSK Playstation 4 üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə Samsung LED Tv, DS4 pult üçün 207,2 manat ödənilməmiş hissə, 20,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə malın əmtəə görünüşünün pozulmasına görə tutulan məbləğ üçün 15,1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 521,1 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 4 ədəd DİSK Playstation 4, Samsung LED Tv, DS4 pult almış və mallara və malın əmtəə görünüşünün pozulmasına görə 521,1 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2020 il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 338,4 manat olan 4 ədəd DİSK Playstation 4 üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1927 manat olan Samsung LED Tv, DS4 pult üçün 207,2 manat ödənilməmiş hissə, 20,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən malın əmtəə görünüşünün pozulmasına görə tutulan 90 manat məbləğ üçün 15,1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 521,1 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Play Station 4-dən xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 1073,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 646,2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1073,6 manat, ümumilikdə 1719,8 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 160,3 manat təşkil edir. Bunlara əsasən iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən 4 ədəd DİSK Playstation 4 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung LED Tv, DS4 pult qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh Samsung LED Tv, DS4 pult adlı malın əmtəə görünüşünün pozulmasına görə 90 manat zərər dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020 il tarixli müqaviləyə əsasən 4 ədəd DİSK Playstation 4 üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED Tv, DS4 pult üçün 207,2 manat ödənilməmiş hissə, 20,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən malın əmtəə görünüşünün pozulmasına görə tutulan məbləğ üçün 15,1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 521,1 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 25 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 20,8 manat cərimə azaldılmalı və müvafiq olaraq 3 manat və 2,7 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə görə 253 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 207,2 manat ödənilməmiş hissə, 2,7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 15,1 manat ödənilməmiş hissə, cəmi 481 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 253 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 207,2 manat ödənilməmiş hissə, 2,7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 15,1 manat ödənilməmiş hissə olmaqla, cəmi 481 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar