Məhkəmə qərarları › İş №e-2(012)-76/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-76/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-76/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2359 (iki min üç yüz əlli doqquz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 43,99 (qırx üç manat, doxsan doqquz qəpik) manat dövlət rüsumu, ümumilikdə 2402,99 (iki min dörd yüz iki manat, doxsan doqquz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Volt” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Neftçilər prospekti ilə hərəkət edən zaman “Geely SX11” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərar ilə “Chevrolet Volt” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Geely SX11” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə 7359 (yeddi min üç yüz əlli doqquz) manat maddi zərər dəymişdir. MİP230060 saylı sığorta şəhadətnaməsinə və AKS230117 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 6759 (altı min yeddi yüz əlli doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətimizin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Chevrolet Volt” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2- ci maddəsinin tələbinə əsasən, tərəfimizdən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4400 (dörd min dörd yüz) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 2359 (iki min üç yüz əlli doqquz) manat təşkil etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, AKS230117 saylı sığorta ödənişi aktından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə "xxxx" ASCdə 35000 manat dəyərində KASKO sığortası növündə sığortalanmış X4 məxsus olan ** EY *** dövlət qeydiyyat nişanlı, “Geely SX11” markalı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 7359 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün etibarnamə əsasında X3 hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli İB**********_000097_230727 saylı ödəniş tapşırığının surətindən görünür ki, AKS230117 saylı akt əsasında "xxxx" ASC tərəfindən sığorta ödənişinin məbləği olaraq 6759 manat köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli, 000İPX********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına CCL-7204L2023 10EY 846 sığorta ödənişi üçün 4400 manat pul ödənilmişdir. - xx.xx.2023-cü il tarixli MİP230060 saylı tam sığorta şəhadətnaməsnin surətindən görünür ki, ** EY *** dövlət qeydiyyat nişanlı, “Geely SX11” markalı nəqliyyat vasitəsi 1 il ərzində 35000 manat məbləğində sığortalanmışdır. - İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimələnmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sığorta şirkəti sonuncunu avtomobilə dəymiş zərərin qiymətləndirilmə prosesində iştirak edilməsi üçün xəbərdarlıq etmişdir. - “Euro Style” LTD tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** EY *** dövlət qeydiyyat nişanlı, “Geely SX11” markalı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7359 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1264 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Euro Style” LTD tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı ** EY *** dövlət qeydiyyat nişanlı, “Geely SX11” markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6917 manat müəyyən edilmişdir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün iş materiallarında olan “Euro Style LTD” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən “Geely SX11” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtmobilə məxsus ehtiyyat hissələrinin və təmir bərpa işləri barədə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Chevrolet Volt” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ** EY *** dövlət qeydiyyat nişanlı, “Geely SX11” markalı nəqliyyat vasitəsi toqquşmuş, hadisə nəticəsində sonuncunun avtomobilinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 7359 manat dəyərində ziyan dəymiş, həmin məbləğin 6759 manat hissəsi xx.xx.2023-cü il tarixli ödəniş tapşığırına əsasən ödənilmişdir. Bundan başqa “Chevrolet Volt” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olduğundan sığorta hadisəsi üzrə "xxxx" ASC-yə 4400 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq qalan 2359 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində də dəymiş ziyanın məbləği 7362 manat, köhnəlmə faizi nəzərə alinmaqla isə 6917 manat dəyərində müəyyən edilmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə etirazını nəzərə alan məhkəmə işin obyektiv həlli üçün müvafiq qərardad ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, mülki iş materialları müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatına əsasən rəy verilməkdən imtina edilmişdir. Odur ki, məhkəmə iş üzrə verilmiş ekspert rəyini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi və qüsur aktı ilə müəyyən edilmiş puldan ödənilməmiş 2359 manat pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,99 manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2359 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 43,99 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar