Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-767/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə ilkin alqı satqı müqaviləsi üzrə 100000 manat pulun, 10000 manat əldən çıxmış faydanın, 50000 manat dəymiş ziyanın və 622 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-1158 № ilə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin Başcısı tərəfindən verilmiş 1625 saylı xx.xx.1996-cı tarıxli sərəncama əsasən iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,3 cü mkr ərazisində yerləşən 680 kv.m torpaq sahəsini 110000 manata İddiaçı müqavilə şərtlərinə əsasən satmışdır. İddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100000 manatı notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. Şərtə əsasən yuxarıdakı ünvanda göstərilən əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-dən reyestrdən çıxarışı, Yüklülük barədə arayışı və alqısatqı müqaviləsinə lazım olan digər sənədləri müvafiq orqanlardan aldıqdan sonra, yəni xx.xx.2022-ci il tarixədək daşınmaz əmlakı cavabdeh iddiaçının mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalamağı iddiaçı da öz növbəsində qalan 10000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Sonradan məlum olmuşdur ki, cavabdehin verdiyi sənəd məgər ki, saxta imiş daha doğrusu ümumiyyətlə arxivi belə yox imiş. Dəfələrlə görüşlərdə sənədi düzəldib verəcəyini bildirsə də öhdəliyini yerinə yetirməmişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilməmiş və əmlak iddiaçının mülkiyyətinə verilməmişdir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən ödənilmiş 100000 manatın iddiaçıya ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş və borcu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, o, cavabdehin həyat yoldaşıdır. Belə ki, Ceyhun adlı tanışı vasitəsi ilə o, evi İddiaçı satmışdır. Bununla bağlı onlar arasında notariusda ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun müqabilində iddiaçı ümumilikdə 80000 manat məbləğində pul vermişdir. Həmin pulun 50000 manatı Ceyhuna, 30000 manatı isə ona çatmışdır. Həmin torpaq sahəsi sonradan başqa şəxsə satılmış və Ceyhun onu da aldatmışdır. Hazırda dələduzluqla bağlı bu şəxs barəsində cinayət işi başlanılmış, davam edir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Şəhəri 6 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin Başcısı tərəfindən verilmiş 1625 saylı xx.xx.1996-cı tarıxli sərəncamına əsasən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,3 cü mkr ərazisində yerləşən 680 kv.m torpaq sahəsini 110000 manata alıcı İddiaçı satmağı, alıcı isə ilkin ödəniş olaraq satıcıya 100000 manatı notariusu bankda olan depozit hesabı vasitəsilə ödəməyi, yuxarıdakı ünvanda göstərilən əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-dən reyestrdən çıxarışı, Yüklülük barədə arayışı və alqı-satqı müqaviləsinə lazım olan digər sənədləri müvafiq orqanlardan aldıqdan sonra, yəni xx.xx.2022-ci il tarixədək daşınmaz əmlakı alıcının mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt alıcının qalan 10000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-nin vasitəsi ilə xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, Bakı Şəhəri 6 Saylı Notariat Ofisinin depozit hesabına 100000 manat məbləğində vəsait ödəmişdir. -Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Nümayəndə2 tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı 2021-ci ilin sonlarından tanıdığını, 2021-ci ilin sonlarında Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi məsələsində Cavidə köməklik göstərəcəyini vəd etmiş, onlar aralarında şifahi danışaraq razılaşmış, bundan sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi üçün 2022-ci ildə müxtəlif ünvanlarda olmaqla ümumilikdə 80.000 manat məbləğində pul vəsaitini nəğd şəkildə İddiaçı aldığını, daha sonra qeyd edilən həmin torpaq sahəsinin sənədləşdirilməsi haqqında müxtəlif idarələrə müraciət etməsini bildirmiş, İddiaçı 100.000 manat pul alması barədə notarius sənədinə həyat yoldaşı Cavabdeh ilə birlikdə imza çəkməsini, lakin həmin sənədlərdə 100.000 yazılmasını sonradan bildiyini, həmin zaman fikirli olmasını və diqqət etmədən notarius sənədinə imza çəkməsini, qısa müddət ərzində İddiaçı aldığı 80.000 manat məbləğində pul vəsaitini geri qaytaracağı barədə Cavid ilə razılığa gələcəyini izahatında qeyd etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu,3 cü mkr ərazisində yerləşən 680 kv.m torpaq sahəsini 110000 manata iddiaçıya ilkin alqı-satqı müqaviləsinə əsasən satmışdır. İddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100000 manatı notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilməmiş və əmlak iddiaçının mülkiyyətinə verilməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin alqı satqı müqaviləsi üzrə 100000 manat pulun, 10000 manat əldən çıxmış faydanın, 50000 manat dəymiş ziyanın və 622 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ilkin alqı-satqı müqaviləsin əsasən və Günay Bank vasitəsilə iddiaçının cavabdehə verdiyi 100000 (yüz min) manat məbləğində pulun verilməsi müqavilə və Günay Bank tərəfindən verilmiş qəbzdən öz təsdiqini tapır. Cavabdeh isə məhkəmə iclasında və Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Nümayəndə2 tərəfindən verilmiş izahatdan göründüyü kimi cavabdeh tərəf iddiaçı tərəfindən 80000 manat pulun verildiyini etiraf etmiş, lakin iddiaçı tərəfindən 100000 manat deyil, 80000 manat məbləğinin verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin məbləğin iddiaçıya verilməsi ilə əlaqədar sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 100000 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tələbində 10000 manat əldən çıxmış fayda və 50000 manat dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin əldən çıxmış faydanın dəymiş ziyanın əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın 10000 manat əldən çıxmış fayda və 50000 manat dəymiş ziyanın ödənilməsi hissəsi iddiaçı tərəfindən sübut olunmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 350 manat dövlət rüsumu və 115 manat notariat xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 100000 (yüz min) manat pul vəsaiti, ödənilmiş 350 manat dövlət rüsumu və 115 manat notariat xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-767/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-767/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver