Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-791/2023 26.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron Rayonu 2 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X13 qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 17-ə X6 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, ünvan 1, mənzil 17-ə Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 3, mənzil 17 X2 məxsus olmuş, 4930 reyestr nömrəli mənzilin xüsusi mülkiyyət hüquqi verən qeydiyyat vəsiqəsi (çıxarış) olmuşdur. X5 iddiaçıların atası X7 anasıdır. İddiaçıların nənəsi X5 xx.xx.2011-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. İddiaçıların nənəsinin 1 oglu, yəni Elşən Cəfərov və 3 qızı Cəfərova Leyla, Cəfərova Gülçöhrə və Məmmədova (Cəfərova) Vəfa qızları olmuşdur. Məlahət Cəfərova rəhmətə gedərkən qızları Leyla, Gülşən və Vəfa ailə həyatı qurmuş və köçüb başqa ünvanlarda yaşamışlar. Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlikdə yaşamışdır. Elşən Cəfərov iddiaçılara hüquqşünaslarla məsləhətləşdiyini və evə faktiki sahiblik edib, orada yaşadığından istədiyi vaxt vərəsəlik şəhadətnaməsi ala biləcəyini bildirmişdir. Elşən Cəfərov xx.xx.2019-cu ildə qəfil ürək çatışmamazlığından vəfat etdikdən sonra, hazırki Cavabdeh1 iddiaçılara yaxınlaşıb “ata ocağıdır, buranı qoruyun, satmayın” demişdir. Sonra məlum olmuşdur ki, iddiaçıların atası nənələrindən miras qalmış mənzildən istifadə edib, qəbul etsə də, vərəsəlik şəhadətnaməsi alıb öz adına rəsmişləşdirməmişdir. Cavabdeh1 bu hallardan istifadə edib, Abşeron rayonu 2 saylı Notariat Ofisinin notariusunu aldadaraq, vərəsələrin dairəsini bəyan etmədən, Elşən Cəfərovun ölüm şəhadətnaməsini, Gülşən və Leyla Cəfərovanın payının verməsi ərizəsini alaraq, yaşamadığı və heç vaxt sahiblik etmədiyi miras əmlakı 11 ildən sonra vərəsəlik şəhadətnaməsi alaraq öz adına rəsmişləşdirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı Notariat Ofisi tərəfindən 05 may 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. AR Mülki Məcəlləsinin 1133-cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. AR Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsəlik işinə aid olan sənədlərdən görünür ki, Cavabdeh1 notariusa xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Qanun üzrə vərəsələr vərəsəlik açıldığı gündən 3 ay müddətinə miras əmlak qəbul edə bilərlər. Cavabdeh 10 ildən sonra notariusa ərizə verərək vərəsəlik şəhadətnaməsi alaraq, Mülki Məcəllənin 1246-cı maddəsinin tələbi pozulmuşdur. Bundan başqa cavabdeh Elşən Cəfərovun ölüm şəhadətnaməsini təqdim edərək, mərhumun vərəsələrinin olmasını gözlədərək, miras əmlaka tam sahib çıxmaq istəmişdir. Mülki Məcəllənin 1157-ci maddəsində göstərilir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1270.3-cü maddəsinə görə ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Qanunun tələbindən göründüyü kimi Elşən Cəfərov miras əmlakı qəbul edib, həmin mənzildə yaşadığından vərəsəliyi qəbul etmiş sayılır və ölümümdən sonra həmin vərəsəlik hüquqi mərhumun vərəsələrinə çatır. Vərəsələr həmin özünə çatan paydan imtina etməyibsə, miras pay üzrə vərəsə kimi çağrılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir və tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, Elşən Cəfərov miras əmlakı faktiki qəbul etmiş və orada ailəsi ilə birlkdə yaşamışdır. Bu yalandır. X19 burada yaşamamışdır. Əlavə olaraq, miras söhbəti gedərkən bacı və qardaşlar Elşən Cəfərov üçün öz adına bir otaqlı mənzil almışlar və Elşən Cəfərov heç vaxt miras iddiasında olmayacağını bəyan etmişdir. Elşən Cəfərov indi haqq dünyasındadır və bəlkə də ruhu adından haram iddiasında olan qızının düşüncələrinə görə əziyyət çəkir. Onu da qeyd edir ki, bu əmlak artıq satılmışdır, başqa şəxslərin mülkiyyətinə keçmişdir və orada vəkil ofisi fəaliyyət göstərir. İddiaçı1 iddiası onlara toxunduğu kimi hazırki mülkiyyətçilərin də əsəblərinə toxunacaqdır. Əlavə olaraq düşünür ki, iddia qaldırmaq üçün müəyyən olunmuş müddət də keçmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının müqavilənin etibarsızlığı ilə bağlı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Ona görə də iddia rədd olunmalıdır. Qeyd edilən faktlara və hüquq normalarına əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil xx.xx.2022-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Hazırda o, evin faktiki sahibidir. O, hesab edir ki, vərəsələr arasındakı mübahisənin ona aidiyyatı yoxdur. O, vicdanlı alıcıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Abşeron Rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 515979 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixində ölmüşdür. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 009275 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2019-cu il tarixində ölmüşdür. İş materiallarında olan Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 2V-98 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi: Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak-Abşeron Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən X2 verilmiş reyestr kitabın 4930-cu səhifəsində qeyd edilmiş, qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 5 nömrəli evin ümumi sahəsi 71,8 kv.m olan yaşayış otaqlı 17 nömrəli mənzilindən ibarətdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1, 17 saylı evə dair məlumat aşkar edilməmişdir. Lakin keçmiş Abşeron rayonu X4 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi X3 adına ünvan 2 ünvanına mülkiyyət hüququna dair 4930 reyestr nömrəli qeydiyyat vəsiqəsi xx.xx.1994-cu il tarixində Abşeron rayon 1 nömrəli DNK-nın 21,09.1994-cu il tarixli 3M-1-826 reyestr nömrəli bəxşiş müqaviləsi əsasında verilmişdir. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli 2V-98 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən mənzil Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Sözügedən mənzil üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101-093042 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1808 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil X8 adına özgəninkiləşdirilmişdir. Mənzil üzərində X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat, **********71-05101-093042 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 248 nömrəli sərəncamına əsasən mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********71-05101- 083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə- 789 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi X9 adına özgəninkiləşdirilmişdir. Qeyri-yaşayış sahəsi üzərində X9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022- ci il tarixində ********** qeydiyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmədə sübutların tədqiqatı zamanı ünvan 3, 17 saylı mənzilin əvvəllər X1 xüsusi mülkiyyətində olması, X1 xx.xx.2011-ci ildə vəfat etməsi, sonuncunun bir oğlu Elşən Cəfərov və 3 qızı Cəfərova Leyla, Cəfərova Gülçöhrə, Məmmədova (Cəfərova) Vəfa olması işin mübahisəlndirilməyən halları ilə müəyyən edilmişdir. İddaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində və onların vəkili-nümayəndəsi məhkəmə iclasında izahatında X1 xx.xx.2011-ci ildə vəfat etməsindən sonra miras qalmış ünvan 3, 17 saylı mənzil miras qoyanın oğlu (iddiaçıların atası) X11 tərəfindən faktiki olaraq qəbul və idarə edildiyi, lakin sonuncunun vərəsəlik şəhadətnaməsi almadan xx.xx.2019-cu ildə qəfildən ürək çatışmamazlığından vəfat etdiyi göstərilmiş və iddia tələbinin hüquqi əsası kimi vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalara istinad olunaraq iddianın təmin olunması xahiş olunmuşdur. Lakin,mülki iş üzrə məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfin istinad etdiyi,yəni Elşən Cəfərovun miras əmlaka sahiblik etməsi,miras əmlakı idarə etməsi və ya miras əmlakın qəbul edildiyini şəksiz nümayiş etdirən hallarla bağlı izahatdan başqa hər hansı bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 14 oktyabr 2022-ci il tarixli qərarında göstərmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Lakin, yuxarıda qeyd olunduğu ki, Elşən Cəfərovun miras qoyan X12 xx.xx.2011-ci il tarixdə vəfat etdiyi gündən özünün vəfat etdiyi xx.xx.2019-cu il tarixədək mirasın qəbulu ilə bağlı hər hansı bir hərəkətin aparılması məhkəmədə müəyyən edilməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsi də məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsində qeyd edilən müddətlər iddia müddəti deyildir, kəsici müddətdir, həmin müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermək tələb olunmur, məhkəmə özü bu müddətin ötürülməsini aşkar edərək müvafiq prosessual hərəkətlər etməlidir. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bundan başqa işin faktiki hallarından görünür ki,mübahisə predmeti olan daşınmaz əmlakın hüquqi statusu yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilmiş və hal-hazırda qeyriyaşayış sahəsi üzərində X9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022- ci il tarixində ********** qeydiyyat, **********71-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi hazırda sözügedən mənzil vicdanlı alıcı olan X9 mülkiyyətindədir, məhkəmədə sonuncunun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmiş və bu xüsusat da iddianın rədd edilməsinə əsas verir. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron Rayonu 2 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X13 qarşı ünvan 1, mənzil 17-ə Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə iddiaları rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-791/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-791/2023
26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver