Məhkəmə qərarları › İş №e-2(012)-866/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-866/2025

03.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-866/2025 03.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı daş hasarın sökülməsi və tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı daş hasarın sökülməsi və tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X1 balans və istismarında olan 1000/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES”yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Məmmədli kəndindən keçən hissəsində, 39 T 411936,14 4483853,70 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-6472/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/5042/2025 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı xx.xx.2025-ci il tarixində Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-866/2025 saylı qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə müvafiq sənəd təqdim olunmuşdur. Bu səbəbdən də, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı daş hasarın sökülməsi və tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar