Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1022/2025 07.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 07 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində Cavabdeh qanuni sahibliyində olan, lakin yetkinlik yaşına çatmayan övladı X1 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "X7" markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "Hyundai Sonata" markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ tərəfindən tərtib edilmiş TP5509216 saylı qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Nəticədə "X7" markalı, **- HJ-*** dövlət nömrə nişanlı avtomobilə 2900 (iki min doqquz yüz) manat maddi zərər vurmuşdur. "xxxx" ASC tərəfindən iş üzrə PXA133153/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2900 (iki min doqquz yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh avtomobili yetkinlik yaşına çatmayan övladı X2 verdiyindən ona qarşı “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququ yaranmışdır. Odur ki, zərərçəkmiş şəxsə ödənilmiş 2900 manat zərərin iddiaçıya ödənilməsinin tələb edilməsinə baxmayaraq cavabdehin vurulmuş zərəri ödəmədiyini qeyd etməklə Cavabdeh 2900 manat zərər və ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi «X7» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Cavabdeh təqsirli olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3cü maddəsi ilə 180 manat cərimə edilmişdir. PXA133153 saylı sığorta və xx.xx.2023-cü il tarixli 726 nömrəli qiymətləndirmə aktının surətlərindən görünür ki, «X7» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh yetkinlik yaşına çatmayan övladı X3 idarə etdiyi «X7» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri D.Bünyadzadə küçəsində yol nəqliyyat hadisəsi törədərək «Hyundai Sonata» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin avtomobilə 2900 manat maddi zərər dəymişdir. Dəymiş zərər iddiaçı tərəfindən zərər çəkmiş şəxs X4 ödənilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə avtonəqliyyat hadisəsi törətmiş, nəticədə «Hyundai Sonata» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat maddi zərər vurmuşdur. Dəymiş zərərə görə iddiaçı tərəfindən zərərçəkmiş şəxsə 2900 manat pul ödənilmişdir. Cavabdeh avtomobili yetkinlik yaşına çatmayan övladı X2 vermişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzində 49 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1022/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1022/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver