Məhkəmə qərarları › İş №e-2(013)-1041/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1041/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1041/2025 29.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- "xxxx" MMC) borclu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13192 samsung Galaxy A54 markalı telefon üçün 761.4 manat ödənilməmiş hissə, 380.70 manat dəbbə, ümumilikdə 1142.10 manat borcun və 31.43 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1041/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1323.1 manat olan İmei kod **********13192 samsung Galaxy A54 markalı telefon almış və nəticədə 1142.10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13192 samsung Galaxy A54 markalı telefon üçün 761.4 manat ödənilməmiş hissə, 380.70 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 561.7 manat təşkil etmişdir. İddiaçı "xxxx" MMC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə daxil olmuş və cavabdeh həmin ərizədə onun iştirakı olmadan məhkəmə prossesinin keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18682260 saylı müqaviləyə əsasən İmei kod **********13192 samsung Galaxy A54 markalı telefon müştəriyə müqavilədə göstərilən şərtlərlə verilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə əsasən Cavabdeh borcu 761.4 manat ödənilməmiş hissə, 380.70 manat dəbbə, ümumilikdə 1142.10 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə 380.70 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki müqavilə üzrə üzrə tətbiq olunmuş 380.70 manat məbləğində cərimənin 300 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 80.70 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 761.40 manat ödənilməmiş hissə, 80.70 manat dəbbə pulu olmaqla ümumilikdə 842.1 manat borc və dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 31.43 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə, dövlət rüsumunun qalan 1.43 manat hissəsi isə iddiaçı özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 761.40 manat ödənilməmiş hissə, 80.70 manat dəbbə pulu olmaqla ümumilikdə 842.1 manat borc və dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 31.43 manat dövlət rüsumunun qalan 1.43 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar