Məhkəmə qərarları › İş №e-2(013)-1134/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1134/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1134/2025 03.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Soliton LTD AC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, SAK6246053 saylı borc müqaviləsinə əsasən 373 manat əsas borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 403 manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1134/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SAK6246053 saylı borc müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 644 manat olan məişət avadanlığı əldə edib və borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 373 manat borcu qalıb. Hazırda borclunun ödəməli olduğu krediti ödəməkdən yayınması, beləliklə borclunun kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun borcunun ödənilməmişdir. İddiaçı MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə 03 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirak olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, SAK6246053 nömrəli «Borc müqaviləsi»ndən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərti ilə cəmi 644 manat məbləğində məişət avadanlığı əldə etmiş, 44 manat ilkin ödəniş etmiş, qalan 600 manat məbləgi isə 12 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə, xx.xx.2021-ci il tarixində bağlanmış SAK6246053 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas (qalıq) borcu 373.00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 373 manat əsas borcu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 373 manat əsas borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 403 (dörd yüz üç) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar