Məhkəmə qərarları › İş №e-2(013)-1202/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1202/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1202/2024 11.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, XQDK08573 nömrəli müqavilə üzrə 6990.99 manat qarlıq borcu və 1442.73 manat cərimə olmaqla, cəmi 8433.72 manat borcun, həmçinin ödənilmiş 104.33 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli XQDK08573 saylı nisyə alqı satqı müqaviləsinə əsasən borcluya 6990.99 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcu qaytarılmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə 6990.99 manat qarlıq borcu və 1442.73 manat cərimə olmaqla, ümumilikdə 8433.72 manat borc yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli XQDK08573 nömrəli nisyə alqı-satqı müqavilədən və müqaviləyə əlavə edilmiş təhfil-təslim aktından görünür ki, Cavabdeh 6990.99 manat dəyərində məişət avadanlığı götürmüşdür. Məişət avadanlıqları müştəriyə təhfil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli XQDK08573 saylı nisyə alqı-satqı müqaviləsi üzrə, 18 mart 2024-cü il tarixinə olan borcu 6990.99 manat qarlıq və 1442.73 manat cərimə olmaqla, ümumilikdə 8433.72 manat təşkil edir. İş materiallarında olan 18 mart 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından, həmçinin görünür ki, iddiaçı tərəfindən üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə görə cavabdehə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1442.73 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1442.73 manat məbləğində cərimənin 1300 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissələrdə rədd edilməli, qalan 142.73 manat dəbbə pulunun hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli, XQDK08573 nömrəli müqavilə üzrə 6990.99 manat əsas borc və 142.73 manat cərimə olmaqla, cəmi 7133.72 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 104.33 manat dövlət rüsumu iddia qismən təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6990.99 manat əsas borc və 142.73 manat cərimə olmaqla cəmi 7133.72 (yeddi min bir yüz otuz üç manat yetmiş iki qəpik) manat və ödənilmiş 104.33 (bir yüz dörd manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar