Məhkəmə qərarları › İş №e-2(013)-2169/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2169/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2169/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat və ödənilmiş dövlət rüsumunun idiaçının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 82476.00 manat müəyyən edilən Leap Motor C11 markalı ağ, dam qara, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062866) avtonəqliyyat vasitəsi alıcının istifadəsinə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ilkin ödəniş etmədən qalıq borc sayılacaq 82476.00 manatməbləği xx.xx.2024-cü il tarixindən etibarən 36 ay müddətinə, ayda 2291.00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Edilən xəbərdarlıqlar heç bir fayda verməmiş, xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləyə xitam verilmiş və Leap Motor C11 markalı, ** YX *** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. Bununlada, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər, əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat təşkil edir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-nin direktoru, Tural İsmayılovdan elektron məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı X2» MMC ilə Cavabdeh arasında bağlanmış nəqliyyat vasitələrinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqavilənin surətindən görünür ki, İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş, LEAPMOTOR tərəfindən tərtib edilmiş təmir aktına əsasən, Leap Motor C11 markalı, VİN: LFZ63AL55PD062866, buraxılış ili: 2023, rəngi: ağ dam qara avtonəqliyyat vasitəsi qeyd olunan müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 052 saylı müqavilə üzrə ümumilikdə 82476.00 manat borcu təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat 1139 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Lakin təqdim olunan sənədlərdən də, göründüyü kimi, cavabdeh R.X1 C11 markalı, VİN: LFZ63AL55PD062866, buraxılış ili: 2023, rəngi: ağ dam qara avtonəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində avtonəqliyyat vasitəsinə dəyən zərərin miqdarı 425.00 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 425.00 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hisələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 124.44 manat dövlət rüsumu pul vəsaitinin 30 manat hissəsi cavabdehə, 94.44 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 425.00 (dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «X3» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 124.44 manat məbləğində dövlət rüsumunun qalan 94.44 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar