Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2302/2025 29.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin baş direktoru X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 4446,67 manat borcun, 444,66 manat cərimə - cəmi 4891,33 manat borcun və 68,91 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli “xam pambığın alqı-satqısına dair” 145 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh icarəsində olan 3,35 ha torpaq sahəsində pambıq əkib becərməli və məhsulu iddiaçıya təhvil verməli, iddiaçı isə fermeri kənd təsərrüfatı texnikaları, toxum, mineral gübrə və pestisidlə təmin etməyi, fermer tərəfindən təhvil verilmiş məhsulun fermerin borclarını çıxmaqla qalan hissəsinin dəyərini ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh əkin sahəsi üçün avans olaraq müəyyən məbləğlər verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Cavabdeh əkin sahəsi üçün avans verilmiş, işlər görülmüş və xidmət göstərilmiş və onun 4446,67 manat borcu qalmışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeha avans verməklə və əkin sahəsinə müəyyən aqrotexniki xidmətlər göstəməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 4446,67 manat borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin tələblərinə uyğun olaraq 444,66 manat cərimə hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənassüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4446,67 manat əsas, 10 manat cərimə - cəmi 4456 (dörd min dörd yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 68,91 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddianın cərimə borcu tələbinin qalan 434,66 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2302/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2302/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver