Məhkəmə qərarları › İş №e-2(013)-2303/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2303/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2303/2025 02.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 751.28 manat, cərimə borcuna görə 75.12 manat olmaqla, cəmi 826.40 manat məbləğində vəsaitin və ödənilmiş 30.00 manat dövlət rüsumu pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 216 saylı Alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Çəmənli kəndi ərazisində 2,0 hektar torpaq sahəsində pambıq əkibbecərməyi yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçı MMC-dən 1925.70 manat (iş və xidmət) vəsaiti avans olaraq almışdır. Müqavilə şərtlərinə əsasən götürülmüş avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhfil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 76.00 manat dəyərində 1-ci şum, 97.20 manat dəyərində 2-ci şum, 102.00 manat dəyərində mala çəkmə, 20.00 manat dəyərində sahədaxili kanal çəkilişi, 160.00 manat dəyərində kultifasiya, 28.00 manat dəyərində çiyid səpini, 34.00 manat dəyərində gübrə ilə kultivasiya, 26.00 manat dəyərində dərman səpini, 212.50 manat dəyərində dərman/gübrə, 80.00 manat dəyərində çiyid toxumu, pambığın becərilməsi və suvarılması üçün 1090.00 manat olmaqla, cəmi 1925.70 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, mövsüm başa çatsada, 1468.02 kiloqram, cəmi 1174.42 manat məbləğində xam-pambıq təhfil vermiş, bununlada iddiaçı təşkilata 751.28 manat məbləğində borcu qalmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə «İddiaçı MMC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə teleqram daxil olmuşdur. Cavabdeh teleqramında məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 216 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə görə Cavabdeh 2,0 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC satmağı öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçı MMC-dən 1925.70 manat məbləğində avans vəsait almışdır. Nəticədə cavabdeh 1468.02 kiloqram, cəmi 1174.42 manat məbləğində xam-pambıq təhfil vermiş və qeyd olunan müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh avans vəsaitə görə İddiaçı MMC-yə 751.28 manat əsas, 75.12 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh 15 avqust 2025-ci il tarixdə daxil olmuş ərizəsində və xx.xx.2025-ci il tarixdə daxil olmuş teleqramda iddiaçının 03 il iddia müddəti ötürüldüyünü və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsində ifadə etdiyi mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçı MMC-dən 1925.70 manat məbləğində avans vəsaiti xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, cəmi 1090 manat cavabdehin hesabına köçürülmüşdür. Bundan müqavlə üzrə pambığın becərilməsi üçün 212.50 manat dəyərində gübrə, 80 manat dəyərində toxum verilmiş və cavabdehin beçərdiyi torpaq sahəsində 543.20 manat dəyərində işlər görülmüş, xidmət göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 1468.02 kiloqram, cəmi 1174.42 manat məbləğində xam-pambıq təhfil vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan ərizəsinin qanuni əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən əsas borca görə 751.28 manat, hesablanmış cərimə borcuna görə 75.12 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 751.28 manat, hesablanmış cərimə borcuna görə 75.12 manat olmaqla, cəmi 826.40 (səkkiz yüz iyirmi altı manat qırx qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar