Məhkəmə qərarları › İş №e-2(013)-2645/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2645/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2645/2024 10.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 10 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin idarə heyətinin sədri Fuad Allahverdiyev rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 315 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli MVC0055/21 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus «Toyota Corolla» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində avtomobilin üst hissəsi və arxa şüşəsi zədələnməklə zərər dəymişdir və sığorta məbləği 315 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 315 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli xx/xx-00211 saylı məktubunun surətindən görünür ki, 20 dekabr 2020-ci il tarixdə, saat 13:06-da ünvan 1 ünvanında yerləşən, vətəndaş A.Ə.Mirzəliyevaya məxsus 37 nömrəli mənzilin eyvanında quraşdırılmış təbii qazla işləyən, «Kombi» qızıdırıcısında partlayış baş vermiş, nəticədə həmin binanın qarşısında saxlanılmış "xxxx" MMC-yə məxsus, etibarnamə ilə X1 istifadəsində olan, «Toyota Corolla» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, dəymiş zərərin əvəzinin ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində cavabdeh A.Ə.Mirzəliyevaya məxsus 37 nömrəli mənzilin eyvanında quraşdırılmış təbii qazla işləyən, «Kombi» qızıdırıcısında partlaması nəticədə həmin binanın qarşısında saxlanılmış "xxxx" MMC-yə məxsus, etibarnamə ilə X1 istifadəsində olan, «Toyota Corolla» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 315 manat maddi ziyan dəymişdir. Dəymiş ziyana görə iddiaçı "xxxx" MMC-yə 315 manat ödəniş etmişdir. Cavabdeh dəymiş zərəri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 315 (üç yüz on beş) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar